“Aİ-nin bəzi ölkələri Türkiyəni rəqib, hətta təhdid kimi göstərsə də…”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkənin strateji hədəfi olan Avropa İttifaqına (Aİ) üzvlük prosesi üçün bütün sahələrdə əməkdaşlıq və dialoqun inkişaf etdirilməsi istiqamətində konstruktiv siyasət yürütməyə davam edildiyini bildirib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
9 May Avropa Günü münasibətilə M.Çavuşoğlu yazıb: “Avropaya inteqrasiyanın və Aİ-nin əsaslarını qoyan Şuman Bəyannaməsinin 72-ci ildönümü Türkiyədə bütün Avropa xalqları ilə birlikdə Avropa Günü kimi qeyd olunur.
Rusiya ilə Ukrayna arasında 24 fevraldan bəri davam edən müharibə 21-ci əsrdə Avropanın ortalarında baş verən və bizi 1940-cı illərin Avropasına aparan bir faciə və hamımız üçün bir xəbərdarlıqdır.
Soyuq müharibədən sonrakı dövrü kökündən dəyişdirəcək bu müharibə Avropanın gələcəyi üçün də bir dönüş nöqtəsidir.
Qaynar müharibələr və qarşıdurmalarla yanaşı, qlobal qeyri-müəyyənliklər, iqlim dəyişikliyi, enerji asılılığı, terrorizm və qeyri-qanuni miqrasiya Avropaya dərindən təsir edir. Bundan başqa, ayrı-seçkilik, ksenofobiya və anti-İslamizm kimi ekstremal cərəyanlar da Avropanın birgəyaşayış mədəniyyətinin aşınmasına səbəb olur. Bütün bunlar birlik və Avropanın üzərində qurulduğu ümumi dəyərləri sarsıdır.
Türkiyə namizəd ölkə və NATO müttəfiqi olaraq Avropanın üzləşdiyi bütün bu problemlərin həllində əsas dövlətdir.
Aİ-nin bəzi ölkələri Türkiyəni rəqib, hətta təhdid kimi göstərsə də, Türkiyə həm soyuq savaş dövründə, həm də sonra Avropanın təhlükəsizliyi üçün çox fədakarlıqlar edib, qitənin sabitliyi və rifahına mühüm töhfələr verib.
Bu gün də Türkiyə Aİ-yə üzvlük prosesi çərçivəsində hər sahədə əməkdaşlığı və dialoqu inkişaf etdirmək üçün konstruktiv siyasət yürütməyə davam edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB