İslam cəmiyyətləri həmrəy olsa...

...dünyanın bir çox problemi asanlıqla həll olunar
İslam cəmiyyətləri həmrəy olsa...

Türkiyənin diyanət işləri rəhbəri Əli Erbaş “İslam cəmiyyətləri olaraq öz aramızda birlik və həmrəyliyi gücləndirdiyimiz zaman dünyada bir çox problemlər asanlıqla həll olunar” dedi. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Türkiyə Diyanət İşləri İdarəsindən verilən məlumata görə, Əli Erbaş Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən İslam Birliyi Sammitində çıxış edərək bildirib: “Son iki əsrdə hər aspektdə qlobal miqyasda sürətli dəyişikliklər baş verib. Bu gün dünya nəhəng problemlərin mühasirəsi altında tarixin ən çətin dövrlərindən birini yaşayır.

İrqçilik və İslamofobiyaya qarşı təcili tədbirlər görülməsi vacib məsələlərdəndir.

İslam coğrafiyası qlobal miqyasda məruz qaldığı faktiki siyasi, mədəni və iqtisadi çətinliklərə kifayət qədər müqavimət göstərə bilmir. Amma yaşanan problemlər və bəşəriyyətin böyük böhranları müsəlmanları ümidsizliyə düçar etməməlidir.

Müsəlmanlar gənc və dinamik əhalisi, yeraltı və yerüstü sərvətləri, 1400 ildən artıq bilik və mədəniyyət zənginliyi ilə dünyada ən böyük imkanlara malikdir. Bizim bütün problemlərimizi həll edə biləcək inancımız, hikmətimiz, mədəniyyətimiz var.

İslam cəmiyyətləri olaraq öz aramızda birlik və həmrəyliyi gücləndirərək, imkanlarımızı birləşdirərək səylərimizi birgə inkişaf etdirsək, coğrafiyamızda və dünyada bir çox problem asanlıqla həllini tapar."

Bütün xəbərlər Facebook səhifəmizdə