“Xerson Rusiyaya birləşdirilməlidir...”

“Ədalətli” dövlətin “ədalətli” nümayəndəsinin “ədalətli” təklifi..?
“Xerson Rusiyaya birləşdirilməlidir...”

"...Xersonda referendum keçirib (?) vilayəti Rusiyanın tərkibinə qatmaq lazımdır ki, sakinlər regionun gələcək taleyini həll edə bilsinlər”.

Bunu “qonşu dövlətlərin torpaqlarında gözümüz yoxdur” deyən bir xalqın nümayəndəsi, “ədalətli Rusiya” fraksiyasından olan Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyir. “Ədalətli” dövlətin “ədalətli” nümayəndəsinin “ədalətli” təklifi..?

Təbii ki, sabah soruşulası olsa, Rusiya səlahiyyətlilərinin əksəriyyəti “daş atıb, başlarını tutacaqlar” və bunun dövlətin yox, sadəcə olaraq, adi bir vətəndaşın fərdi və ya şəxsi fikri olduğunu deyəcəklər. Amma o biri gün Çepaya qahmar çıxıb onun dediklərini “təbliğ edənlərin” sayının çoxalmasına nəinki təkzib verəcəklər, əksinə bunun xersonluların öz istəkləri olduğunu deyəcəklər. Onu da deyim ki, bu Rusiya təcrübəsində ilk deyil.

“…Mənim fikrimcə, Xersonda referendum keçirilməlidir. Hər bir dövlətdə belə olmalıdır. Referendum insanların hara getmək istədiklərini müəyyən edir: onlar öz Xerson Respublikasını yaratmaq istəyirlər, yoxsa Krım və ya Donetsklə birləşmək istəyirlər”.

Deməli, bunu Çepa “Daily Storm”a müsahibəsində deyib.

Qeyd edək ki, rusiyalı deputat regionun gələcək taleyi ilə bağlı təkcə Rusiya Federasiyasının Dövlət Duması və ya vilayət administrasiyası deyil, həm də regionun sakinlərinin də qərar verməli olduqlarını bildirib.

Deyim ki, Çepa burada özünü humanistin biri kimi gözə soxub əlavə fikirlər səsləndirməsinə baxmayaraq, əslində o məsələ ilə bağlı elə təkcə Rusiyanın verəcəyi qərarın kifayət edəcəyini bildirmək istəyir. Onun “təkcə Rusiya deyil…” deməsi isə, sadəcə olaraq, gözdən pərdə asmaqdır.

“…Hansı ərazidə yaşamaq lazım olduğunu yalnız Xerson vilayətinin vətəndaşları müəyyən etməlidir”, deyən rus deputat, xersonlulara Krımı nümunə gətirir və qnlara krımlılarların təcrübəsindən yararlanmağı məsləhət görür..

O, hətta öz "təvazökarlığını" belə gizlədə bilməyir. 2014-cü ildə “böyük coşquyla” Rusiyanın tərkibinə qatılan krımlıların indi “xoşbəxt bir ömür sürdüklərini” xersonlulara xatırladır.

Yeri gəlmişkən qeyd edək ki, artıq martın 15-dən etibarən Rusiya Müdafiə Nazirliyi bütün Xerson vilayətini işğal etdiyi barədə məlumat yayıb. Onu da qeyd edək ki, bu gün artıq Xersonda rusiya televiziyası fəaliyyət göstərir. Mayın 1-dən isə regionun əvvəlki rəsmi valyutası olan qrivni rus rublu ilə dəyişdirilməyə başlanılıb. Yəni xersonlular artıq ödənişləri rublla almağa başlayıblar.

Bu arada “yerli hərbi-mülki administrasiya rəhbərinin müavini” Kirill Stremousov çoxdan bəri sevinməyən xersonluları sevindirməyə də nail ola bilib. Belə ki, o yaxınlarda yerli sakinlərə Rusiya pasportlarının veriləcəyini bildirib.

…Məsəldir deyərlər, “qonşu pis gündə tanınar”…Amma belə görünür ki, deyəsən, xersonluların bu cəhətdən bəxti yaman gətirib.

Belə ki, imkan tapıb Xersona baş çəkən “Donetsk Xalq Respublikası”nın rəhbəri Denis Puşilin Kirill Stremousova bir müddət əvvəl Moskvadan təşrif buyurmuş “Vahid Rusiya” Baş Şurasının katibi Andrey Turçakın sözlərini çatdırıb ki, qorxub eləmək lazım deyil: “Rusiya burada əbədi qalacaq”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə