Xerson, Melitopol, Berdyansk, Dneprudne...

...Zelenski Ukrayna şəhərlərini işğaldan azad edəcəyinə söz verib
Xerson, Melitopol, Berdyansk, Dneprudne...

...Bu arada Ukrayna prezidenti Vladimir Zelenski ruslar tərəfindən işğalda olan Xerson, Nova Kaxovka, Melitopol, Berdyansk və digər şəhərlərin işğalından azad ediləcəyini vəd edir.

SİA-nın əldə etdiyi məlumata görə, ukraynalı dövlət başçısı bunu axşam videomüraciəti zamanı deyib.

Onun sözlərinə görə, qarşıda hələ çox iş var: “...Hələ də torpaqlarımızda olan işğalçılar öz qondarma əməliyyatlarının aşkar uğursuzluğunu dərk etmirlər. Ona görə biz hələ də döyüşməli və bütün qüvvələrimizi işğalçıları qovmaq üçün səfərbər etməliyik. Biz bunu edəcəyik. Ukrayna azad olacaq. Müvəqqəti işğal olunmuş şəhərlər- Xerson, Novaya Kaxovka, Melitopol, Berdyansk, Dneprudne və həmçinin bu gün işğalçıların özlərini sahib kimi göstərdikləri icmalar azad ediləcəklər”, - deyə Zelenski bildirib.

Prezident əlavə edib ki, Ukrayna bayrağı haqlı olaraq harada olmalıdırsa, oraya da qayıdacaq.

“...Biz normal, Rusiyanın hətta öz ərazisində belə təmin edə bilmədiyi həyata qayıdacağıq”. Bunu da Zelenski bildirib.

Qeyd edək ki, bu arada “UNİAN” saytı Mariupol və onun ətraf rayonlarında hərbi əməliyyatlar nəticəsində işğal olunmuş əraziləri tərk etmiş ukraynalıların evlərində naməlum şəxslərin məskunlaşdığı barədə məlumat yayıb.

Onu da qeyd edək ki, həmən şəxslərə məskunlaşmağa “icazə”ni rusların təyin etdikləri “qəsəbə sovetləri” verirlər.

Xatırladaq ki, bundan əvvəl Mariupol merinin müşaviri Petr Andryuşşenko mühasirəyə alınmış Mariupolda “humanist” rus əsgərlərinin talamadığı mağaza, fərdi ev qalmadığını bildirmişdi.

Andryuşşenkonun dediyinə görə rus əsgərləri ilk növbədə Rusiyaya ixrac olunan məişət texnikalarını oğurlayırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə