Paşinyanın "qəsdinə dayananlar"..?

Paşinyanın "qəsdinə dayananlar"..?

...Buna nə deyəsən? Ermənilər Ermənistanı “qana boyayıb” Nikolun iki il bundan əvvəl yolayrıcında yapdıqları heykəlciyin başını “üzdüyü” bir məqamda bu da mövzu tapıb danışmağa. Elə bil “fitilqoyucu” etiraflarını bu günə saxlayıbmış. Amma, deyim ki, Nikol da adam tanıyanmış... və ona görə də onun bu vəzifəyə təsdiqini yubadırmış..?

Yenə də nə bilmək olar...bəlkə də hazırda İrəvandakı olanlardan xəbərsizdir? Daşkəndə gedib axı. Orada açılmış “Mərkəzi Asiya: texnoloji sıçrayış üçün məkan” forumunda iştirak edir və hələ desən bir çıxış da yapıb. Amma çıxışı çox bədbin olub. Belə ki, o, “...2022-ci ilin ilk 2 ayında yüksək iqtisadi artım templəri olsa belə, Ermənistanda yoxsulluq səviyyəsi çox böyük sürətlə artır”-deyib.

Deməmişəm, amma gərək deyim ki, bu fikirlərin kim tərəfindən səsləndirildiyini Siz də biləsiniz. Deməli, bu fikirləri Nikol Paşinyanın ölkə iqtisadiyyatını etibar etdiyi “sədaqətli dostu” Vahan Kerobyan bildirib. Özü də elə bir məqmda ki, hazırda ermənilərin bir qismi Nikolun əlindənmi ya əməlindənmi “zəncir çeynəyirlər”.

Əslində bunu, Vahan tərəfindən Nikola qarşı düşünülmüş “təxribat” kimi də qəbul etmək olar.

Deməli, Vahanın dediklərinin ardına baxın: “...hökumət sosial fəlakətin qarşısını almaq üçün əlavə səylər göstərməlidir. Ermənistan Nazirlər Kabineti bu istiqamətdə fəal fəaliyyət göstərir, dağ-mədən sənayesindən əldə edilən super gəlirləri kənd təsərrüfatına bölür, Ermənistanın regionlarına kapital qoyuluşlarını və sosial sahələrə ayırmaları artırır. Bundan başqa, Ermənistan hakimiyyəti təhsil, elm və səhiyyəyə investisiyaları artırır”... və s.

Deyəsən, Vahan burada artıq əvvəl dediklərini “malalamağa” çalışır. Amma...

Yaxşı, bəs bu hökumət sizin üçün daha nə etməlidi? Baş nazır Ermənistanda “qeydə alınan” iş yerlərinin sayında görünməmiş artım haqqında danışır...şəbədəyə qoyursunuz, nə bilim onun dediklərini yalanlarının uvertürası adlandırırsınız.

Ermənistandakı resurslardan, o cümlədən insan resurslarının azlığıdan gileylənir, yenə də Nikolu günahkar bilirsiniz. Guya ermənilərin ölkədən qaçmasının səbəbkarı odur.

Budur, Paşinyan söz verib, hökumətin son iclaslarının birində kabinetinin uğursuzluqları barədə danışacaq. Bundan əvvəl belə şeylər heç olurdumu? Təbii ki, yox!

Amma yenə də nə deyəsən bunlara, budur Ermənistan Statistika Komitəsi 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə yeni ilin ilk üç ayının makroiqtisadi göstəricilərini açıqlayıb: “...sənaye sürətini itirib, kənd təsərrüfatı isə artıq qırmızıdadır”.

...Elə bil, komitənin statistik açıqlaması da bu günə, ermənilərin Nikola qarşı “diş qıcıdığı” bir vaxta qalmışdı?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə