Dnestryanı da “çalxalanır”...

Moldova Kiyevin Dnestryanı ərazisini "ələ keçirmək" təklifinə cavab verib
Dnestryanı da “çalxalanır”...

Moldova hakimiyyəti Ukrayna prezidenti ofisinin müşaviri Aleksey Arestoviçin Dnestryanı ərazinin ələ keçirilməsi ilə bağlı bəyanatına cavab olaraq, Dnestryanı məsələnin həllində hərb yolunu istisna etdiyini bildirib.

SİA bu barədə rus saytlarına istinad edir.

“Dnestryanı məsələsinin həllinə siyasi vasitələrlə və yalnız sülh yolu ilə nail olmaq olar”. Qeyd edək ki, bunu Moldovanın Nazirlər Kabinetinin Reinteqrasiya Bürosunun mətbuat xidməti bildirib.

...Və bununla yanaşı, Kişinyov tanınmamış Dnestryanı Moldova Respublikası ilə münaqişənin həlli üçün hər hansı digər variantları nəzərdən keçirmədiyini də bildirib. Demə, Moldova regionun demokratikləşməsi və demilitarizasiyası prinsiplərinə riayət etmək niyyətində imiş(?).

Xatırladaq ki, bir müddət bundan əvvəl Aleksey Arestoviç Moldovadan müraciət olacağı təqdirdə Kiyevin tanınmamış Dnestryanı Moldova Respublikasının ərazisini nəzarətə götürməyə hazır olduqlarını bildirmişdi. Ukraynalı müşavirin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin bunu reallaşdırmaq üçün hazırda kifayət qədər qüvvəyə malikdir.

Yeri gəlmişkən, bu arada Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov da öz varlığını “nümayiş etdirərək” Aretoviçin bəyanatını “kifayət qədər təxribatçı” bəyanat adlandırıb.(...adam az qala “halal olsun” demək istəyir-A.B.)

...Yenə də yeri gəlmişkən, Sizlərə xatırladım ki, Dnestryanı Moldova Respublikası(?) 1990-cı cı ilin dekabrında vaxtilə bizlər kimi, elə moldovanların da “böyük qardaşlıq” edən rusların təçəbbüsü ilə, özü də “halal-hümbət” “referendum” yolu ilə yaradılaraq “müstəqil dövlət” elan olunub.

Deyim ki, “referendum” un rəsmi nəticələrə görə, bu ərazilərdəki seçki hüququ olan əhalinin 97,7 faizi “müstəqilliyin” lehinə səs verib. (...burada qeyd edim ki, həmən ərəfədə seçki hüququ olan 97,7 faizlik yerli əhalinin yarıdan coxunu moldavanlar təşkil edirdi. Amma nə olasıdı ki, axı “referendum”u ruslar keçirirdi. Yox, yox...general-leytnant Aleksandr Lebed bu ərəfədə Dnestryanı Moldova Respublikasına hələ gəlməmişdi. Onun gəlişi sonra olacaqdı...-A.B.)

Təbii ki, Moldova bu qərarı tanımadığına görə, münaqişə dərinləşdi və ruslar böyük bir qardaş kimi “humanistliyini” göstərib öz “sülhməramlılarını” bura gətirdi. Bundan sonra isə əhalisi heç yarım milyona da çatmayan “Dnestryanı Moldova Respublikası”nın “özünü müdafiə” ordusu əhalisi iki milyon yarımlıq Moldova Ordusunu “sıxmağa” başladı...

...Əslində isə həmən ərəfədə bütün bunların kökündə nəyin dayandığı hamıya olmasa da, amma çoxlarına məlum idi. Deməli, bütün bunların kökündə, yəni münaqişənin alovlanmasında qığılcım rolunu Moldova parlamentinin 1989-cu ildə moldovan dilini dövlət dili elan edib, kiril əlifbasının latın əlifbası ilə əvəz olunması barədə qərarı oynadı.

...Sən demə, Moldovada yaşayan moldovanlar bunu istəmirmiş(?).

...Nə isə, çox dərinə getməyib bu günə qayıdaq.

Deməli, Rusiya-Ukrayna müharibəsi başlayandan bir qədər sonra, artıq “Dnestryanı Moldova Respublikası”nda da vəziyyət bir qədər dəyişib. Deyəsən, burada da “nə xalq əvvəlki kimi yaşamaq istəmir, nə də yuxarılar əvvəlki kimi idarə edə bilmirlər”. Yəni “ölkədə” son günlər silsilə terror aktları səbəbindən terror təhlükəsinin “qırmızı” səviyyəsi tətbiq edilib. Belə ki, bu günlərdə Tiraspolda (...“ölkə”nin “paytaxtı”dır) Dövlət Təhlükəsizlik Nazirliyinin binasına qumbaraatandan atəş açılıb, Mayak kəndində radioötürücü antenalar partladılıb, Parkanı kəndində isə partlayış səsləri eşidilib.( ...Sizi deyə bilmərəm, amma mənə elə gəlir ki, bunlar hələ ayaqaçdıdır-A.B.)

Deyilənə görə, artıq “Respublikanın İstintaq Komitəsi”ndə “Terror aktı bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə” maddəsi ilə cinayət işi açılıb.

...Kişinyov isə hələ də münaqişənin həlli üçün hər hansı digər variantları nəzərdən keçirmədiyini bəyan edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə