Rusiyada partizan müharibəsi başlayır?

...Ussuriyskdə hərbi baza yanır, komissarlıqlar yanır, hərbi universitetlər, bəzi anbarlar, qubernatorların evləri yanır
Rusiyada partizan müharibəsi başlayır?

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç son günlər Rusiyanın ayrı-ayrı bölgələrində baş verən kütləvi yanğınların bu ölkədə partizan müharibəsinin başlanmasına dəlalət etdiyini bildirir.

SİA-nın məlumatına görə, o barədə “Feigin Live”a müsahibəsində danışıb.

Belə ki, ilk olaraq, Bryanskdakı vəziyyəti şərh edən Arestoviç əlavə olaraq, son vaxtlar Rusiyada hərbi komissarlıqlara hücumların da baş verməkdə davam etdiyini bildirib. Bu isə, onun fikrincə, partizan müharibəsinin başlanmasından xəbər verə bilər.

Arestoviçin sözlərinə görə, bütün olanlara baxmayaraq, Rusiyada nə baş verdiyi hələ ki, dəqiq məlum deyil. Amma Ussuriyskdə hərbi baza yanır, komissarlıqlar yanır, hərbi universitetlər, bəzi anbarlar, qubernatorların evləri yanır. Onun dediyinə görə, bütün bunlar partizan müharibəsinin başlama əlamətləridir.

Aparat rəhbərinin müşaviri onu da bildirib ki, hərbi komissarlıqda çağırışçıların və ehtiyatda olanların şəxsi məlumatları saxlanılmaqdadır.

Yeri gəlmişkən xatırladaq ki, Rusiyanın Bryansk şəhərindəki neft bazasında baş verən yanğın, deyilənə görə, hələ söndürülməyib. Hadisə ilə əlaqədar Bryanskda yanğının yaxınlığında yaşayan insanların təxliyəsi başlayıb.

Maraqlıdır ki, Ukrayna saytlarının yazdığına görə, bu gün rusiyalılar sosial şəbəkələrdə Bryanskdakı neft bazasında baş verən yanğını hələ də müzakirə edir, “nəsə səhvdir”dən şübhələnir, Rusiya Federasiyasının rəhbərliyini tənqid edir və Ukraynada “xüsusi əməliyyat" kimi təqdim edilənlərin əsil müharibə olduğunu deyirlər.

Qeyd edək ki, yenə də Ukrayna saytlarının yazdığına inansaq, Rusiyadakı rusları qane etməyən nə Ussuriyskdəki hərbi bazada, nə də ki, Bryanskdakı neft bazasında baş verən yanğınlara ölkə rəsmilərinin hələ də münasibət bildirməməsidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə