Keçi can hayında, qəssab piy axtarır..?

Yazıya elə də "dəxli olmayan" başlıq...
Keçi can hayında, qəssab piy axtarır..?

"...“Donetsk Xalq Respublikası”nın hakimiyyət orqanlarının “Azovstal” müəssisəsinin işini bərpa etməmək qərarı qlobal metallurgiya bazarına heç bir təsir etməyəcək”.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bunu “Gazeta.ru”ya Dövlət Dumasının “Vahid Rusiya”dan olan deputatı Mixail Tarasenko deyib.

““ Azovstal”ı bərpa etmək lazımdır, ya yox, mən bu barədə şərh vermək istəmirəm. Bu Ukraynanın problemidir(?). Ancaq bircə onu deyə bilərəm ki, dünyada artıq polad istehsalı var”, - Tarasenko bildirib.

Qeyd edək ki, Mariupolun yeni meri Konstantin İvaşşenko da (dövlətin gəlhagəlidir..?) “Azovstal” zavodunun bərpa olunmayacağını bildirib.

İvaşşenkonun sözlərinə görə, o ancaq şəhər dəmiryol çənlərinin, liman və sənaye kranlarının istehsalı üzrə ixtisaslaşan İliç adına metallurgiya və “Azovmaş” zavodlarını bərpa etməyi planlaşdırır.

Yeri gəlmişkən qeyd edək ki, “Azovstal” vaxtilə yastı, uzun formalı polad və koks istehsal edib. O da bildirilir ki, yalnız bu zavod enli dəmir yolu relsləri və onlar üçün rels bərkidiciləri istehsal edə bilər. Bundan əlavə bu zavod yüksək keyfiyyətli qalın haddelenmiş polad istehsalı üzrə aparıcı istehsalçı olub. Amma...

...Rusiyanın müdafiə naziri Sergey Şoyqu artıq aprelin 21-dən etibarən Mariupolun Rusiya, “DXR” və “LXR” hərbçilərinin nəzarətində olduğunu bildirir.

Onun sözlərinə görə, əvvəlcə Mariupolda guya səkkiz mindən çox ukraynalı hərbçi və xarici muzdlu olub və onlar (üç respublika- Rusiya, “DXR” və “LXR”) birləşib həmən o səkkiz mini qırıb-çataraq 2 minə (elə bil əli ilə qoyub) çatdırıblar.

Şoyqunun böyük ehtimalına görə, bu “ipə-sapa yatmayan” 2 minlik ukraynalı döyüşçülərin də nə vaxtsa axırına çıxa biləcəklər (təbii ki, ağzında üç respublika- Rusiya, “DXR” və “LXR deyirsən...doğrudan da böyük qüvvədir, amma burada “canavar tək qalanda başına çaqqal-çuqqal yığılar” məsəli necə də yerinə düşür-A.B.)

...Amma “ Azovstal” kimi gəlirli zavodun bərpasından imtina etmək, məncə elə də yaxşı fikir deyil...mənim nəyimə gərək,.. elə-belə deyirəm ey...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə