Ukrayna Rusiya ordusunun itkilərini açıqlayıb

Ukrayna Rusiya ordusunun itkilərini açıqlayıb

Ukraynaya müharibə elan edən Rusiya ordusu təxminən 21 min 900 əsgər, 181 təyyarə, 154 helikopter və 884 tank itirib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Ukrayna Baş Qərargahı 24 fevral-25 aprel tarixləri arasında Rusiya ordusunun itkiləri ilə bağlı açıqlama verib.

Açıqlamaya görə, Ukraynaya hücum edən Rusiya ordusundan təxminən 21.900 əsgər öldürülüb, 181 Rusiya təyyarəsi, 154 helikopter, 884 tank, 2.258 zirehli texnika, 411 top, 149 raket atma sistemi və 69 hava hücumundan müdafiə sistemi məhv edilib.

Rusiya qüvvələri həmçinin 1566 texnika, 8 gəmi və yüngül sürətli qayıq, 76 yanacaq daşıyan maşın və 201 pilotsuz uçuş aparatını itirib.

Rusiya Müdafiə Nazirliyinin martın 25-də verdiyi açıqlamada Ukraynada 1351 rus əsgərinin öldüyü açıqlanıb.

Bu arada, Ukraynanın "Ukrzaliznitsa" milli dəmir yolu şirkətinin sədri Aleksandr Kamişin bu gün səhər saatlarında ölkədəki 5 qatar stansiyasının Rusiya qüvvələri tərəfindən bombalandığını açıqlayıb.

Kamişin "Telegram" hesabından verdiyi açıqlamada Rusiya ordusunun Ukraynanın dəmir yolu infrastrukturunu sistemli şəkildə məhv etməyə davam etdiyini bildirib.

Bu gün səhər saatlarında ölkənin mərkəzi və qərb bölgələrində 5 qatar stansiyasının bombalandığını qeyd edən Kamişin ölən və yaralananların olduğunu bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə