...Populyar ukraynalı müğənni Olya Polyakova Rusiyanın Ukraynada guya rusdilli əhalinin sıxışdırılması ilə bağlı təbliğatının mifini yalanlayıb.
Belə ki, rusiyalı jurnalist Kseniya Sobçaka qısa müsahibə verən müğənninin açıqlamaları “Diqqət: Sobçak” YouTube kanalında yayımlanıb. Qeyd edək ki, ukraynalı müğənni müsahibəni Ukraynada genişmiqyaslı müharibənin başlanğıcında Putini qınayan blogger Nika Belotserkovskayanın Fransadakı evində verib.
SİA bu barədə “UNİAN” saytına istinad edir.
Beləliklə, ilk olaraq rus soyadının sahib olan Polyakova yarı rus olduğunu da etiraf edib.
Müğənni onu da etiraf edib ki, müharibədən əvvəl onun repertuarında bir dənə də olsun Ukrayna mahnısı olmayıb, yəni repertuarı tamamilə rus dilində olub.
Amma rusların dediyindən fərqli olaraq Ukraynada heç kim buna irad bildirməyib. Əksinə mahnılarını sevə-sevə dinləyiblər. Polyakova, rusların dediyinin əksinə olaraq, rus dilinin “qadağan edildiyi” Lvov şəhər stadionunda, 35 minlik tamaşaçı qarşısında konsert verdiyini bildirib. Lvovda rus dilində danışmağın qeyri-mümkün olmasını görmədiyini bəyan edir. Bütün bunların rus uydurması olduğunu deyən Polyakova bədbinliyini də gizlədə bilmir.
“...İndi 40 milyonluq ölkə sabah nə olacağı ilə bağlı tamamilə çaşqınlıq içindədir. 11 milyondan artıq ukraynalı xaricə gedib. Yeri gəlmişkən, mənim kimi yarı rus olan Ukraynadan qaçanların niyə Rusiyaya getmədikləri ilə heç maraqlanmısınızmı? Avropaya gedirlər, qaçırlar. İndi siz məndən bundan sonra rus dilində oxuyub –oxumayacağımı soruşursunuz. Mən rus dilində oxuyacağam, amma heç bilmirəm, oxuyacağammı, kiməsə musiqi lazım olacaqmı, ümumiyyətlə mənim peşəm lazım olacaqmı?”- deyə Polyakova bildirib.
Qeyd edək ki, ukraynalı müğənni vətəni Ukraynaya qayıtmağı planlaşdırır. O etiraf edib ki, təhlükəsiz və mənzərəli şəhərdə olmasına baxmayaraq, amma gözəllik və əmin-amanlıqdan həzz ala bilmir: “...Həqiqətən evə qayıtmaq istəyirəm, yalnız bu barədə düşünürəm”.
...Yeri gəlmişkən, müğənni ilə həmsöhbət olan rusiyalı jurnalist Sobçak Rusiyanın Ukraynadakı müharibəsi haqqında nədənsə əsil həqiqətləri demir. Xüsusilə, söhbətin videosunda “müharibə” və “işğal” sözləri kəsilərək, alt yazılarla müşayiət olunub: “Rusiya Federasiyasının qanunlarına görə, Ukraynada baş verənlər “xüsusi əməliyyat” adlandırılmalıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB