Avropa İttifaqında “ikitirəlik”..?

Avropa İttifaqında “ikitirəlik”..?

Avropa İttifaqı hələ ki, Rusiya neftinin tədarükünə mərkəzləşdirilmiş məhdudiyyətlər tətbiq etməyi planlaşdırmır. Niyə? Çünki Avropa İttifaqının bir neçə üzv ölkəsi belə bir qərarın səsverməyə çıxarılacağı təqdirdə onun qarşısını almaqla hədələyiblər.

SİA “rambler”ə istinadən xəbər verib ki, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell avropalı jurnalistlərə verdiyi açıqlamasında bildirib

“...Bu, çox çətin olacaq, çünki bəzi iştirakçı ölkələr artıq istənilən kollektiv qərara veto qoyacaqlarını bəyan ediblər”. Əslində bunu Borrellin etirafı kimi də qəbul etmək olar.

Bundan əlavə, bu gün gəzən şayələrə görə, Rusiya kömürünün tədarükünə qoyulan qadağadan sonra Avropa İttifaqı ölkələri, o cümlədən Polşa və Fransa Rusiya enerji mənbələrindən tamamilə imtinanın tərəfdarı olsalar da, amma Almaniya, Avstriya və Macarıstan isə bunun əleyhinədirlər.

Borrell bununla bağlı bildirib ki, Avropa İttifaqı ölkələri Ukraynadakı xüsusi əməliyyatın ilk həftələrində tədarükü artırdıqdan sonra könüllü olaraq Rusiya Federasiyasından neft idxalını mərhələli şəkildə azaldırlar. Onun sözlərinə görə, ortamüddətli perspektivdə avropalılar bu və ya digər şəkildə Rusiyanın enerji daşıyıcılarından imtina etməli olacaqlar, çünki bu, “muxtariyyətin qurulmasında ən vacib mərhələdir”.

Maraqlısı isə odur ki, verilən məlumatlarda vurğulanır ki, “sanksiyalar sərtləşdikcə parçalanacaq blok imici avropalıları arxayın etməyəcək, əksinə Moskvanı sevindirəcək”(?).

Qeyd edək ki, indi Avropa Komissiyası neft idxalına, ancaq müəyyən məbləğdən başlayaraq gömrük rüsumlarının tətbiqi məsələsini nəzərdən keçirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə