“Bu səfər Paludan məhkəmədən qurtula bilməyəcək”

“Bu səfər Paludan məhkəmədən qurtula bilməyəcək”

İsveçin Malmö şəhərində xristianların Pasxa bayramı günlərində Qurani-Kərimin yandırılmasına təhrik edən Danimarkanın ifrat sağçı “Sərt istiqamət” (Stram Kurs) partiyasının sədri Rasmus Paludana qarşı “nifrət cinayəti” törətdiyinə görə istintaq başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Malmö Polis İdarəsi tərəfindən edilən şikayətdə Paludanın xalqı qızışdıraraq nifrət və qəzəb doğuran cinayətlər törətdiyi üçün cəzalandırılması tələb edilib.

Polis rəisi Cimmi Arkenheim eyni səbəbdən 2020-ci ildə Rasmus Paludan haqqında cinayət işi açıldığını və prokurorun o zaman işi məhkəməyə aparmağa ehtiyac görmədiyini bildirib. Arkenheim bu dəfə işin mühakimə olunmadan bağlanmayacağına və məhkəməyə gedəcəyinə inandığını bildirib.

Danimarka və İsveç vətəndaşlığı olan Paludan 2017-ci ildən bəri Danimarkanın müxtəlif şəhərlərində Qurani-Kərimin yandırılmasını təhrik edir. Ötən ilin Ramazan ayında da o, müsəlman məhəllələri və məscidlər yaxınlığında polisin himayəsi altında təxribatlar törədib. Bu il Pasxa bayramı günlərində üst-üstə düşən Ramazan ayında İsveçin paytaxtı Stokholm, o cümlədən Malmö, Norköpin və Jönköping şəhərlərində təxribatlarını davam etdirib.

Paludanın dayandırılmasını istəyən nümayişçilər yollarda təkər yandıraraq polisə daş atıblar. Hadisələr zamanı 26 polis əməkdaşı və 14 nümayişçi yaralanıb, 20 polis maşını yandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə