Finlandiya parlamenti ölkənin NATO-ya daxil olması imkanlarını müzakirə etməyə başlayıb. “İnterfaks”ın Qərb xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, əksər partiyaların nümayəndələri Şimali Atlantika Alyansına qoşulmaq üçün ərizənin verilməsini dəstəkləyib.
SİA bu barədə Rusiya saytlarına istinad edir.
Sosial Demokratların lideri Antti Lindmanın fikrincə, Rusiyanın hərəkətləri “Finlandiyanı hərbi ittifaqın zəruriliyinə bir neçə addım yaxınlaşdırdı”. Finlandiya Mərkəzi Partiyasının lideri Juha Põlvas da bildirib ki, onun partiyası NATO-ya qoşulmağa dəstək verməyə hazırdır. Parlament qruplarının on rəhbərindən səkkizi alyansa qoşulmaq ideyasını dəstəkləyib.
Qeyd olunur ki, Sol Alyansın lideri Jussi Saramo qərar qəbul etməzdən əvvəl daha geniş müzakirələrin aparılmasının vacibliyini bəyan edib. Onun sözlərinə görə, Finlandiyanın NATO-ya üzv olmaq istəyi Rusiya Federasiyası ilə sərhəddə gərginliyi artıracaq. Bundan əlavə, o qeyd edib ki, bu, Finlandiyanı müharibə vəziyyətində potensial ilk zərbə hədəfinə çevirə bilər.
Xatırladaq ki, bir müddət bundan əvvəl xəbər verildiyi kimi, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto təhlükəsizlik vəziyyətinin dəyişdirilməsi ilə bağlı parlament müzakirələrində Finlandiya və İsveçin təxminən eyni vaxtda NATO-ya üzvlüklə bağlı qərar verməsinin vacibliyini vurğulamışdı. Haavistonun fikrincə, belə bir əməkdaşlıq Rusiya hakimiyyətinin “təzyiq və hərbi vasitələrlə təsir dairəsi yaratmağa” çalışdığı bir vəziyyətdə Rusiyanın mümkün reaksiyasına hazırlaşmağa kömək edəcək.
Ölkə hakimiyyəti hesab edir ki, Finlandiya və İsveçin NATO-ya daxil olması Baltikyanı regionda sabitliyə müsbət təsir göstərəcək. Beləliklə, alyansa üzvlüklə bağlı təklifin bu ilin mayında prezident tərəfindən təqdim ediləcəyi gözlənilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB