Rusiyaya qarşı sanksiyalar niyə səmərəsiz oldu?
...Yaxşı, bunun hansına inanaq?

Ötən gün "Bloomberg”ın analitiki Skott Conson Rusiyaya qarşı tətbiq edilən sanksiyalara münasibət bildirərkən onların artıq iflasa uğradığını bildirib. O, ABŞ və Avripa İttifaqının məhdudiyyətlərinin nəticə vermədiyini, Rusiyanın ən böyük ixrac gəlir mənbəyinə sanksiyaların ciddi təsir etmədiyini qeyd edib.

SİA bu barədə “rambler”ə istinad edir.

"Rusiyanın qala iqtisadiyyatı bütün çatlara baxmayaraq, ayaqda qalıb. Bu sanksiyaların, effekti oldumu? Mən əslində indiyə qədər gördüyümüz maliyyə sanksiyalarının o qədər də təsirli olmadığını düşünürəm", - deyə Conson bildirib.

“L Humanit” nəşrinin aparıcı analitiki Çarlz Latin də Rusiyaya qarşı tətbiq edilən sanksiyaların iflasa uğradığını deyir. Onun fikrincə, bu sanksiyalar Rusiyadan daha çox sadə avropalılara itkilər verməkdədir.

Maraqlıdır ki, bəzi yerli ekspertlər də sanksiyaların səmərəsizliyi ilə bağlı fikirləri təsdiqləyirlər.

“...Rusiya iqtisadiyyatı şoklara davamlılığını göstərərək ilk zərbəyə tab gətirdi. Sanksiyalar paketi Rusiya iqtisadiyyatına psixoloji təzyiq göstərsə də, maliyyə və valyuta bazarlarında baş verən ilkin şok böyük ölçüdə kompensasiya olunub”.

Qeyd edək ki, bunu Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbinin “İnkişaf Mərkəzi” İnstitutunun direktor müavini Valeri Mironov “Rossiyskaya Qazeta”ya bildirib. Onun sözlərinə görə, məhz hakimiyyətin hərəkətləri sanksiyaların nəticələrini minimuma endirməyə imkan verib.

“Son vaxtlar Rusiya Bankı öz ehtiyatlarını diversifikasiya etmək, o cümlədən dedollarizasiya və təhdid altında olan yurisdiksiyalardan vəsaitlərin köçürülməsi üçün ciddi səylər göstərir. Bundan əlavə, Rusiya Sənaye və Ticarət Nazirliyi və bir çox digər idarələr idxalı əvəzetmə proqramlarını həyata keçirirlər. Bu da Rusiya istehlakçılarının iqtisadi təhlükəsizliyini təmin etməyə imkan verdi”, - deyə Mironov bildirib.

...Xatırladaq ki, bundan əvvəl prezident Vladimir Putin Rusiyaya qarşı “iqtisadi blitskriq strategiyası”nın iflasa uğradığını bildirmişdi. O, Qərb dövlətlərinin Rusiyada iqtisadi vəziyyəti pozmağı, mağazalarda mal qıtlığını, bazarlarda çaxnaşmaya və bank sisteminin çökməsinə səbəb olmağı planlaşdırdığına diqqət çəkmişdi. Ancaq vəziyyət tamamilə fərqli şəkildə inkişaf edir.

Belə ki, dövlət başçısı, xüsusilə, rublun məzənnəsinin fevralın birinci yarısının səviyyəsinə qayıtdığını, bundan əlavə, birinci rübdə ticarət balansının cari balansının 58 milyard dolları ötdüyünü qeyd edib.

Deyim ki, bunları da direktor müavini Valeri Mironov deyir. Amma maraqlıdır, əgər doğrudan da, Rusiyada belə bolluqdursa, bəs onda niyə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bir müddət bundan əvvəl “aclıqdan qırılacaqlarına” eyham vururdu?

Budur, SİZ də baxın, “...Rusiya indi xüsusi vəziyyətdədir, vəziyyət ağırdır. Çünki Qərbin görünməmiş təzyiqləri davam edir. Bunlar təkcə sanksiyalar deyil, həm də iqtisadi müharibənin aparılmasıdır və s. və ilaxır...”.

...Yaxşı, bunun hansına inanaq?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə