Əgər Mariupol Rusiyanın nəzarətinə keçərsə...

Son bir neçə gündə Ukraynaya 11 batalyon taktiki qrupları gətirilib...22-si isə ölkənin şimalında yerləşdirilib
Əgər Mariupol Rusiyanın nəzarətinə keçərsə...

...Hazırda Ukraynada Rusiyanın 76 batalyon taktiki qrupları var ki, onların da 11-i son bir neçə gündə yerləşdirilib. (Qeyd edim ki, batalyon taktiki qrupları adətən müqaviləli əsgərlərdən, yənu ruslar demiş “nayomnik”lərdən formalaşdırılır-A.B.)

Beləliklə, SİA xəbər verir ki, bu barədə “Amerikanın Səsi” Pentaqonun yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.

Pentaqon rəsmisi Ukraynada yerləşən onlarla batalyon taktiki qrupların ümdə vəzifəsi kimi Mariupolu ələ keçirmək olduqlarını da bildirib. Onun sözlərinə görə, bu gün Mariupol və onun ətrafında xeyli sayda Rusiya quru qoşunları var. Şəhər Rusiya aviasiyası və artilleriyası tərəfindən atəşə tutulmaqda davam etdirilir.

Maraqlıdır ki, Pentaqon rəsmisinin ehtimalına görə, əgər Mariupol Rusiyanın nəzarətinə keçərsə, bu halda rus batalyon taktiki qrupları Ukraynanın şərqində və ya cənubunda maneəsiz, sərbəst hərəkət edə biləcəklər.

Təbii ki, bunu Ukrayna tərəfi də başa düşür və ona görə də, Mariupol üçün çox, çox ciddi mübarizə aparır.

Yeri gəlmişkən, ABŞ Müdafiə Nazirliyi Rusiya ordusunun Qara və Azov dənizlərində amfibiya əməliyyatları üçün müəyyən potensiala malik olduğunu da gizlətmir. Pentaqonun sözçüsü bildirir ki, ...amma hələlik Rusiyanın buna hazırlaşdığına dair heç bir əlamət müşahidə edilməyib.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, indi artıq demək olar ki, Rusiya qoşunları uzun müddətdən bəri hazırlaşdıqları Donbass uğrunda döyüşə başlayıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə