Doğrudanmı, Baranyuk öldürülüb?

Doğrudanmı, Baranyuk öldürülüb?

Rus saytlarının yazdığına görə, Mariupoldakı İliç adına zavodda blokadada qalıb gizlənən Ukrayna hərbçilərindən bir qrupu aprelin 12-nə keçən gecə blokadadan çıxmağa çalışarkən məhv ediliblər. Yenə də rus saytlarının yazdıqlarına inansaq, bu döyüşdə “əsas ağırlığı çiyninə alan” “Donetsk Xalq Respublikası”nın xalq milisi xüsusi fəallıq göstərib. SİA bu barədə rus saytlarına istinad edir.

Beləliklə, verilən məlumata görə, həmin gecə Ukrayna Silahlı Qüvvələrinin 36-cı Əlahiddə Dəniz Briqadasının bir qrup hərbçisi ruslar tərəfindən “üzük qaşı kimi mühasirəyə alınan” zavoddan “çıxıb qaçmağa” cəhd edib.

Amma, deyildiyi kimi, qaçışın qarşısı “Donetsk Xalq Respublikası”nın xüsusi təyinatlı dəstəsi tərəfindən alınıb. Donetsk Xalq Respublikası”nın polisi bildirir ki, döyüş zamanı 50-yə qədər ukraynalı hərbçi, o cümlədən briqada nəzarətinin beş yüksək rütbəli zabiti öldürülüb, daha 42 nəfər isə təslim olub.

Qeyd edək ki, rusların dediyinə görə, ölənlər arasında 36-cı ayrı-ayrı dəniz piyada briqadasının komandiri, polkovnik Vladimir Baranyukun cəsədi, şəxsi əşyaları və silahları tapılıb.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin polkovnik-leytenantı, 36-cı Əlahiddə Dəniz Briqadasının komandiri Vladimir Baranyuk Ukrayna Qəhrəmanıdır. Onu da deyim ki, ruslar onun əlindən “zəncir çeynəyirdilər”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə