ABŞ Rusiyanın enerji embarqosunu təşkil edə bilmədiyini etiraf etdi

Bu gün Rusiya Federasiyası Qərb ölkələri ilə münasibətlərin kəskinləşməsindən əvvəlkindən daha çox neft və qaz satır
ABŞ Rusiyanın enerji embarqosunu təşkil edə bilmədiyini etiraf etdi

Dövlətə qarşı kütləvi sanksiyalara baxmayaraq, Rusiyanın enerji resurslarının Qərbə satışı artıb. Bu barədə “Business Insider” məlumat yayıb. Onun sözlərinə görə, hazırda Rusiya Federasiyası Qərb ölkələri ilə münasibətlərin kəskinləşməsindən əvvəlkindən daha çox neft və qaz satır.

Rusiya Maliyyə Nazirliyinin hesablamalarına görə, apreldə hökumət enerji resurslarının satışından təxminən 9,6 milyard dollar əldə etmək niyyətindədir. Öz növbəsində “Bloomberg” proqnozlaşdırır ki, bu il Rusiya Federasiyası enerji ixracından təqribən 321 milyard dollar qazanacaq ki, bu da bir il əvvəlkindən təqribən üçdə bir çoxdur.

Bu proqnozlar Qərbin ötən ay tətbiq etdiyi kütləvi sanksiyalara ziddir. SİA bu barədə “rambler”ə istinad edir.

Beləliklə, Rusiyanın enerji sektorunu dəstəkləmək və resursların satışından yüksək gəlir əldə etmək üçün hələ də kifayət qədər alıcıları var.

Məsələn, “Reuters” iddia edir ki, Ukraynada xüsusi əməliyyat başlayandan bəri Hindistan ən azı 13 milyon barel Rusiya nefti alıb. Belə ki, keçən il ümumi alış həcmi 16 milyon olub.

Nəşrə görə, Çin də ciddi alıcıdır. Bundan əlavə, Avropa İttifaqı Rusiya yanacağından imtina imkanlarını araşdırsa da, əsas alıcı olaraq qalmaqdadır.

Nəşr belə qənaətə gəlir ki, Hindistan və Çin ticarət proqramlarını dəyişəcəklərini bəyan etmədikləri üçün çox güman ki, neft pulları Rusiyaya axmağa davam edəcək.

Bundan əvvəl baş nazirin müavini Aleksandr Novak bildirmişdi ki, Rusiyadan gələn neft və qaz yaxın 5-10 ildə dünya bazarında əvəz oluna bilməz. O qeyd edib ki, Rusiyanın enerji resurslarından istifadədən imtina ilə bağlı bəyanatlar da bazarda qiymətlərin bahalaşmasına səbəb olur.

Rusiyanın energetika naziri Nikolay Şulqinov da bildirib ki, yaxın gələcəkdə neftin qiyməti 1 barel üçün 80-150 dollar diapazonunda dəyişə bilər. O əlavə edib ki, idarənin vəzifəsi neftin qiyməti ilə bağlı proqnoz vermək deyil, neft sənayesinin fəaliyyətini təmin etməkdir. Energetika Nazirliyinin rəhbəri qeyd edib ki, Moskva istənilən qiymət intervalında dost ölkələrə neft satmağa hazırdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə