Rusiya artıq hipersəsli “Kinjal” istehsal edə bilmir

Çünki Qərb xüsusi olaraq Rusiyanın müdafiə sənayesi sektoruna qarşı əlavə sanksiyalar tətbiq edib
Rusiya artıq hipersəsli “Kinjal” istehsal edə bilmir

Rusiyanın Hərbi Hüquq Tədqiqatları Mərkəzinin rəhbəri Aleksandr Musienko ölkəsinin artıq “Kinjal” (...hipersəsli aviasiya raket sistemi – “UNIAN”) kimi müasir silahların istehsal proqramlarını davam etdirmək imkanından məhrum olduğunu bildirib. SİA bu barədə “UNİAN” saytına istinad edir.

O, bu barədə informasiya telemarafonunun efirində məlumat verib.

Musienko bildirib ki, Qərb xüsusi olaraq Rusiyanın müdafiə sənayesi sektoruna qarşı əlavə sanksiyalar tətbiq etdikdən sonra indi onlar faktiki olaraq müasir silahların modernləşdirilməsi və istehsalı üçün zəruri olan əsas elementlərə çıxışdan məhrum olublar.

Qeyd edək ki, Rusiyanın təmas qurmağa çalışdığı Asiya ölkələri belə bu məsələ ilə bağlı Moskva ilə əlaqə qurmaq istəmirlər.

Deyim ki, bunu da mərkəz rəhbəri etiraf edib.

“...Bu gün deyə bilərik ki, Rusiya artıq faktiki olaraq “Kinjal”ı, digər oxşar hipersəs silahları və bu kimi proqramları davam etdirmək üçün lazım olan komponentlərdən, xammaldan və zəruri elementlərdən məhrumdur”. Bunları Aleksandr Musienko ərz edib.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl “UNİAN” martın 19-da rusların Ukraynanın qərbində yeraltı hərbi anbarı məhv etmək üçün “Kinjal” raketlərindən istifadə edildiyini bildirmişdi. Deyim ki, bunu rusların müdafiə nazirliyi də sonradan etiraf etdi.

Belə ki, Rusiya mətbuatının yazdığına görə, “Kinjal” yüksək dəqiqlikli hipersəs aeroballistik raketə malik aviasiya kompleksidir.

Təkmilləşdirilmiş uzunmənzilli qırıcı-tutucu “Miq-31” – “Miq-31K” əsasında yaradılıb. Rusiya ordusunun məlumatına görə, o, 2000 km-dən çox məsafədə hədəfləri vurmaq iqtidarındadır, eyni zamanda bütün mövcud və inkişaf etmiş hava və raketdən müdafiə sistemlərinin öhdəsindən gəlməyə zəmanət verir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə