Kramatorsk şəhərinin dəmiryol vağzalına “Toçka-U” raketi ilə vurulub

Kramatorsk şəhərinin dəmiryol vağzalına “Toçka-U” raketi ilə vurulub

Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsi Artem Dextyarenko Rusiya qüvvələrinin Donetsk vilayətinin Kramatorsk şəhərinin qatar stansiyasına raket hücumu nəticəsində təxliyə gözləyən 4-ü uşaq olmaqla 39 mülki şəxsin həlak olduğunu bildirib. SİA bu barədə Ukrayna mətbuatına istinad edir.

Dextyarenko "Facebook"da "Rasistlər Kramatorskda qatar stansiyasına atəş açıblar. 4-ü uşaq olmaqla 39 mülki şəxs həlak olub" məlumatını paylaşıb və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

Kramatorsk meri Aleksandr Qonçarenko hücum zamanı yaralananların çoxunun vəziyyətinin ağır olduğunu, bəzilərinin isə qol və ayaqlarını itirdiyini bildirib.

Qonçarenko xəstəxanaların yaralılara müalicə üçün çata bilmədiyini və 40-a yaxın həkimin yaralıları əməliyyat etdiyini, hücum zamanı stansiyada təxminən 4000 mülki vətəndaşın olduğunu söyləyib.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya hərbçilərinin Donetsk vilayətinin Kramatorsk şəhərinin dəmiryol vağzalına “Toçka-U” raketi ilə zərbə endirdiyini bildirib.

Bu barədə Volodimir Zelenski "Telegram"səhifəsində məlumat verib.

"Kramatorsk dəmir yolu vağzalında minlərlə ukraynalı dinc sakin təxliyə gözlədiyi zaman ora "Toçka-U" raketi ilə vurulub, 30-a yaxın ölü, 100-ə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Polis və xilasedicilər artıq hadisə yerindədirlər", - deyə Zelenski əlavə edib.

Ukrayna Dəmir Yolları Rusiya qüvvələrinin Kramatorsk qatar stansiyasına raket hücumu nəticəsində təxliyyə gözləyən 30-dan çox mülki şəxsin həlak olduğunu, 100-dən çox mülki vətəndaşın isə yaralandığını açıqlamışdı.

Donetsk qubernatoru Pavel Kirilenko stansiyanın kaset sursatları olan “İskəndər” raketi ilə vurulduğunu açıqlayıb.

Hücumla əlaqədar qatar stansiyasında çamadanları olan mülki şəxslərin və qanlar içində yerdə yatan stansiya rəsmilərinin görüntüləri paylaşılıb.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada isə Rusiya qüvvələrinin Kramatorsk qatar stansiyasına raket hücumu ilə bağlı bəyanatların “yalan” və “təxribat xarakterli” olduğu bildirilib.

Açıqlamada Ukrayna rəhbərliyinin mövzu ilə bağlı izahatının doğru olmadığı bildirilib və görüntüləri yayımlanan “Toçka-U” taktiki raketlərinin yalnız Ukrayna silahlı qüvvələri tərəfindən istifadə edildiyi iddia edilib.

Kreml sözçüsü Dmitriy Peskov da Rusiya Müdafiə Nazirliyinin Rusiya Silahlı Qüvvələrinin Toçka-U raketindən istifadə etməməsi ilə bağlı açıqlamasının nəzərə alınmasının lazım olduğunu ifadə edərək, “Silahlı qüvvələrimiz bu tip raketlərdən istifadə etmir və bu gün Kramatorskda heç bir döyüş tapşırığı yox idi, planlaşdırılmamışdı.Bu bəyanata əsasən hərəkət edilməlidir” deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə