Rus səfir yenidən ABŞ-ı ittiham edib

Rusiya səfiri Antonov bank sektoruna qarşı sanksiyaları ruslara “birbaşa zərbə” adlandırıb
Rus səfir yenidən ABŞ-ı ittiham edib

"...ABŞ-ın Rusiya banklarına qarşı sanksiyaları Vaşinqtonun “əsl” məqsədlərini göstərir”.

Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib. SİA-nın məlumatına görə, onun şərhi diplomatik missiyanın Telegram kanalında dərc olunub.

Beləliklə, Antonov qeyd edib ki, ABŞ hakimiyyətinin hərəkətləri sadə rusiyalılara qarşı yönəlib, onların əksəriyyəti əmanətlərini məhdudiyyətlər altında olan kredit təşkilatlarında saxlayır. “Bu, Rusiya əhalisinə, sadə vətəndaşlara birbaşa zərbədir” –deyə səfir bildirib.

Səfir əlavə edib ki, “ABŞ-ın fasiləsiz sanksiya hücumları” qlobal iqtisadiyyata ziyan vurur, Rusiyanın xarici tərəfdaşlarını qarşılıqlı faydalı əməkdaşlıqdan və mənfəətdən məhrum edir.

Aprelin 6-da ABŞ Ukraynada keçirilən xüsusi əməliyyatla əlaqədar Rusiya iqtisadiyyatına tətbiq edilən məhdudiyyətlər çərçivəsində “Sberbank” və “Alfa-Bank”a qarşı bloklayıcı sanksiyalar tətbiq edib. Tətbiq edilən məhdudiyyətlər bu kredit təşkilatlarının ABŞ-dakı aktivlərinin dondurulması və ABŞ sakinlərinə onlarla biznes fəaliyyətinin tam qadağan edilməsi deməkdir. Bundan əlavə, Vaşinqton Rusiya iqtisadiyyatına hər hansı yeni investisiya qoyuluşunu qadağan edib.

Yeri gəlmişkən, bu arada hər iki bank bəzi məhdudiyyətlərlə fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə