Strateji Mexanizmin formalaşdırılmasının müzakirəsinə start

Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində Xarici işlər nazirləri səviyyəsindəki görüşün bu il keçirilməsi nəzərdə tutulub
Strateji Mexanizmin formalaşdırılmasının müzakirəsinə start

Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Cozef Bayden arasında 2021-ci ilin oktyabrında Romada keçirilmiş görüşdə əldə edilən razılaşmaya uyğun olaraq Türkiye-ABŞ Strateji Mexanizminə Ankarada start verildi. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Xarici İşlər Nazirliyi bildirib ki, Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və ABŞ dövlət katibinin siyasi işlər üzrə müşaviri Viktoria Nulandın rəhbərliyi ilə iki ölkəni təmsil edən heyətlər arasında keçirilmiş görüşdə iqtisadiyyat və müdafiə sənayesi sahəsində əməkdaşlıq, terrorla mübarizə, regional və qlobal məsələlər daxil olmaqla tərəflər üçün qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Türkiyə və ABŞ Ukraynanın ərazi bütövlüyü ilə bağlı ortaq mövqelərini yeniləyiblər. ABŞ tərəfi Türkiyənin məlum savaşa ədalətli və diplomatik bir həll axtarmaq məqsədilə sərgilədiyi səyləri məmnuniyyətlə qarşılayıb.

ABŞ Ticarət Nazirliyinin müşaviri Marisa Lago Strateji Mexanizmin iqtisadiyyat və ticarət sahələrinə aid əməkdaşlığı genişləndirmək məqsədilə bu gün (aprelin 5-də) Ankaraya iki günlük səfər edəcək.

Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində Xarici işlər nazirləri səviyyəsindəki görüşün bu il keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə