Lavrov: “Buça yalanını ifşa edəcəyik”

Lavrov: “Buça yalanını ifşa edəcəyik”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın paytaxtı Kiyev yaxınlığındakı Buça şəhəri ilə bağlı yayılan xəbərlərin yalan olduğunu ortaya qoyacaqlarını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Sergey Lavrov paytaxt Moskvada Ərəb Liqasının Ukrayna üzrə məsul təmas qrupu ilə görüş keçirib.

Görüşdən sonra təşkil edilən mətbuat konfransında açıqlama verən Lavrov Rusiya ilə Orta Şərq və Şimali Afrika ölkələri arasındakı münasibətlərə toxunaraq, “Münasibətlərimizə Ukraynadakı vəziyyət deyil, Rusiyaya istiqamətli qeyri-qanuni və görünməmiş sanksiyaları təsir edir. Bu sanksiyalar hər şeydən əvvəl bizim münasibətlərimizə təsir edir. Bu, dünya iqtisadiyyatına ağır zərbə vurur” deyib.

Ukraynanın Buça şəhərində çəkilmiş görüntüləri dəyərləndirən nazir Lavrov “Ukraynada yalan xəbərlərin yayılması və bununla bağlı təbliğat kampaniyası başlatılmasına dair çoxlu nümunələr var” deyib.

Analoji hadisənin ötən ay Ukraynanın Mariupol şəhərindəki doğum evində baş verdiyini əsas gətirən Lavrov deyib ki, Mariupoldakı doğum evinin vəziyyətini faciə kimi qələmə vermək cəhdlərini aşkar etdiyimiz kimi belə saxta xəbərləri də ifşa edəcəyik.

Bu məsələni Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) müzakirə etməyi təklif etdiklərini, lakin bu təklifin qarşısının alındığını vurğulayan rusiyalı nazir məsələyə aydınlıq gətirəcəklərini bildirib.

Rusiya ilə Ukrayna arasında danışıqların video konfrans üsulu ilə intensiv şəkildə davam etdiyinə diqqət çəkən Lavrov “Hər zaman bir şans var və biz bu şansı reallaşdırmağı hədəfləyirik” deyib.

Qeyd edək ki, aprelin 1-də Buça şəhərini Rusiya qoşunlarından azad edən Ukrayna ordusu binaları dağıdılmış meyitlərlə dolu şəhərlə qarşılaşıb.

Kiyev yaxınlığında azad edilmiş yaşayış məntəqələrində 410 mülki şəxsin cəsədi tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə