Ərdoğan Finlandiya və Bolqarıstan prezidentləri ilə danışdı

Ərdoğan Finlandiya və Bolqarıstan prezidentləri ilə danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya prezidenti Sauli Niinistö ilə telefonla danışıb.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, söhbət zamanı Türkiyə-Finlandiya əlaqələri və regional məsələlər müzakirə edilib.

Türkiyə-Finlandiya İqtisadiyyat və Ticarət Ortaq Komitəsinin ilk iclasının iyun ayında paytaxt Ankarada keçiriləcəyindən məmnunluğunu dilə gətirən Ərdoğan deyib: “Hazırkı dövrdə müdafiə sənayesi sahəsində əməkdaşlığın əhəmiyyəti artıb.

Türkiyəyə hərbi texnika ixracı qarşısındakı maneələrin aradan qaldırılmasını gözləyirik.

Fevralın 24-dən başlayan Rusiya-Ukrayna müharibəsi ilə bağlı atəşkəs və humanitar dəhlizlərin açılması istiqamətində də cəhdlərimizi davam etdiririk”.

Türkiyə prezidenti bolqarıstanlı həmkarı Rumen Radevlə də telefonla danışıb. Söhbət zamanı Türkiyə-Bolqarıstan əlaqələrinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və regional məsələlər müzakirə edilib.

Ərdoğan Rumen Radevə ikinci dəfə prezident seçilməsi münasibətilə təbrikini çatdırıb.

Dost və müttəfiq Bolqarıstanla mövcud olan köklü əlaqələri hər sahədə, xüsusilə nəqliyyat, ticarət və müdafiə sənayesində daha irəli aparmaq əzmi ilə hərəkət etdiklərini söyləyən Ərdoğan Radevlə Rusiya-Ukrayna müharibəsi və onun regional təsirləri barədə də danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə