Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqı (Aİ) ölkələrinin dost olmayan hərəkətlərinə qarşı viza ilə bağlı tədbirlərin görülməsi haqqında fərman imzalayıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, qərara əsasən, Rusiya Aİ ölkələri, həmçinin Norveç, Danimarka, İslandiya, İsveçrə və Lixtenşteynlə viza verilməsini asanlaşdıran sazişlərin bəzi maddələrini dondurub. Sözügedən qərar Aİ ölkələrinin Rusiyaya səfər edən rəsmi nümayəndələri və jurnalistlərə şamil ediləcək. Diplomatik pasport sahiblərinin də Rusiyaya vizasız gediş-gəlişi qadağan olunacaq.
Bundan əlavə, V.Putin imzaladığı fərmanda düşmənlik edən əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişini məhdudlaşdırmağı Rusiya Xarici İşlər Nazirliyinə tapşırıb.
Rusiyanın baş naziri Mixail Mişustin aprelin 9-dan etibarən 52 dost ölkə ilə uçuşların bərpa olunacağını bildirib.
Paytaxt Moskvada hökumət rəsmiləri ilə keçirdiyi görüşdə M.Mişustin deyib: “Covid-19” epidemiyası ilə əlaqədar müntəzəm və çarter reysləri üçün tətbiq edilən tədbirlər aprelin 9-da ləğv ediləcək.
Rusiya vətəndaşları bir çox ölkəyə məhdudiyyətsiz gedə biləcək.
Aprelin 9-dan etibarən Argentina, Hindistan, Çin və Cənubi Afrika da daxil olmaqla, 52 dost ölkəyə uçuşlar bərpa olunacaq”.
Xatırladaq ki, Aİ və ABŞ sanksiyalar və hava məkanını Rusiya təyyarələrinə bağlamaq qərarı verdiyi üçün Rusiya da cavab tədbirlərini qüvvəyə mindirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB