İngilislər ruslara “pislik eləməkdə” davam edirlər?

İngilislərin sanksiyaları üzündən qazın pulunu ödəməkdə ruslar ilk çətinlikləri yaşadılar
İngilislər ruslara “pislik eləməkdə” davam edirlər?

Putinin mətbuat katibi Dmitri Peskov Britaniyanın “Qazprombank”a qarşı tətbiq etdiyi sanksiyalara görə “Shell”in mavi yanacağın pulunu ödəyə bilməyəcəyindən şikayətlənir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.

Beləliklə, Peskov ingilislərin qarasınca deyinir. Londonu Rusiya əleyhinə olan hər şeyin lideri olmaqda “ittiham edir”. Onun dediyinə görə, bu gün Böyük Britaniya Rusiyaya “pislik eləməkdə” hətta amerikalıları da vurub keçiblər.

Beləliklə, agentliyin qeyd etdiyi kimi, bu yolla Peskov “Qazprombank”a qarşı sanksiyaların tətbiqini şərh edib.

Qeyd edək ki, yeni məhdudiyyətlər Britaniya şirkətinin Rusiya qazını rubla almasına mane olur.

Onu da qeyd edək ki, bir müddət bundan əvvəl “Bloomberg” Böyük Britaniyanın Avropa İttifaqı ölkələrindən fərqli olaraq “Qazprombank”a qarşı sanksiyalar tətbiq etdiyi üçün “Shell”-in bu ay Rusiya qazının pulunu ödəyə bilməyəcəyini bildirmişdi.

Yeri gəlmişkən, martın 24-də London rusların Ukraynada başlatdığı müharibə ilə əlaqədar Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi təqdim edib. Məhdudiyyətlər, digərləri ilə yanaşı, Avropada "qaz" ödənişlərinin Rusiyanın hesablarına həyata keçirildiyi “Qazprombank”ı da əhatə edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə