...Heç yeridir? Özündə görürsən ki, bu dəqiqə ruslar acıq çıxmağa adam axtarırlar. İndi çək altını...vətəndaşlıqdan atarlar, qalarsan avarda... Fransız aktyoru Jerar Depardyeni deyirəm ey...
Odur, o gün Rusiya Dövlət Duması onun Ukraynada keçirilən xüsusi əməliyyatla bağlı açıqlamalarına görə Rusiya vətəndaşlığından məhrum edilməsini təklif edib. Böyük cəzadır, deyilmi?
...Nə var, nə var o, aprel ayında Parisdə verdiyi konsertlərdən əldə etdiyi bütün gəliri Ukrayna xalqına kömək etmək üçün istifadə edəcəyini bəyan edib.
Depardye rusların “xəyanəti” bağışlamadıqlarını gərək unutmamalıydı.
Amma, deyim ki, ruslar onlar üçün “balaca” görünən bəzi məsələləri özləri yox, “silləvuran” kimi Dumaya aldıqları başqa millətlərin nümayəndələrinə həvalə edirlər. Məsələn, elə dağıstanlı deputat Sultan Həmzəyev kimisinə....
Yadınızda olar, bir müddət bundan əvvəl, məhz elə bu adı əməlinə uyğun gəlməyən Sultan “Rusiyanın tarixi torpağı” kimi Qazaxıstanı Rusiyanın tərkibinə qatmağı təklif etmişdi. Yəqin Sultanın bu təklifindən sonra Dumada onun “şəninə” çalınan “çəpiyi” də unutmamış olarsınız.
Sizi bilmirəm, amma mən onun Dumaya seçiləcək növbəti seçkilərdə də qalib olacağına 100 faiz əminəm. Nə isə...
Deməli, bu dəfə Jerar Depardyeni Rusiya vətəndaşlığından məhrum etməyi təklif edən Həmzəyev səbəb kimi aktyorun “hücumları”nı göstərib. Doğrudan da bağışlanmaz "səbəb"dir, deyilml?
Deputat vurğulayıb ki, ruslar hələ ki, Depardyeyə bütün rus xalqı adından bəyanatlar vermək səlahiyyəti verməyib. Həmçinin, Həmzəyevin dediyinə görə, Depardyenin vətəndaşlıqdan məhrum edilməsi aktyorun əmlakının kimsəsiz uşaqların xeyrinə müsadirə olunması ilə müşayiət olunmalıdır.
...Burada mən deyim ki, Sultan deməsə də, amma biz hər halda Depardyenin bu “haqsız” əməlini “...gəmidə oturub gəmiçiylə dava eləyənin” əməlinə bənzədirik...və belə düşünürük ki, Sultan Həmzəyev də bizimlə razılaşar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB