Danışıqlar uğurla yekunlaşacaq

Danışıqlar uğurla yekunlaşacaq

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri tərəflərlə diplomatik əlaqələrini genişləndirən Türkiyə bu dəfə danışıqlara ev sahibliyi edəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya və Ukrayna nümayəndə heyətləri martın 28-30-da İstanbulda görüşəcək. Nümayəndə heyətində Rusiya müdafiə nazirinin müavini Aleksandr Fominin də iştirak edəcəyi öyrənilib. Görüşdən əvvəl tərəflərdən və Türkiyədən bir-birinin ardınca açıqlamalar gəlib.

Son olaraq Rusiya xarici işlər naziri Lavrov "Rusiya ilə Ukrayna arasında üzbəüz danışıqlar bu gün-sabah İstanbulda yenidən başlayacaq. Ümid edirik ki, danışıqlar uğurla yekunlaşacaq", şəklində açıqlama verib.

Rusiyanın XİN başçısı deyib ki, Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş iki tərəf əsas məsələlər üzrə razılığa gələn zaman baş tutmalıdır. Serbiya mediasına danışan Lavrov əlavə edib ki, hazırda Putin və Zelenski arasında münaqişənin həlli ilə bağlı təşkil olunacaq istənilən görüşün uğursuz olacağı əvvəlcədən bəllidir.

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə