BMT: Ukraynada ən azı 1119 mülki şəxs həlak olub

Birləşmiş Millətlər Təşkilatı Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynada ən azı 1119 mülki şəxsin həyatını itirdiyini açıqlayıb.
BMT: Ukraynada ən azı 1119 mülki şəxs həlak olub

Birləşmiş Millətlər Təşkilatı Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynada ən azı 1119 mülki şəxsin həyatını itirdiyini, 1790 mülki vətəndaşın yaralandığını, hücumlardan sonra 3 milyon 821 min 49 qaçqının qonşu ölkələrə köçdüyünü açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) verdiyi açıqlamada Ukraynadakı qaçqın böhranı ilə bağlı müxtəlif mənbələrdən əldə edilən məlumatlar paylaşılıb.

Açıqlamaya görə, fevralın 24-dən martın 26-dək Ukraynadan yarıdan çoxu Polşaya gedən 3 milyon 821 min 49 qaçqın qonşu ölkələrə keçib.

Qonşu ölkələrdən Polşa (2 milyon 267 min 103), Rumıniya (586 min 942), Moldova (381 min 395), Macarıstan (349 min 107) və Slovakiya (272 min 12) qaçqın keçib.

Donetsk və Luqansk vilayətlərindən 21-23 fevral tarixlərində 50 min insan Rusiyaya gedib.

Ukraynadan qonşu ölkələrə gedən yüz minlərlə qaçqının buradan digər Avropa ölkələrinə getdiyi məlumdur.

Digər tərəfdən, BMT-yə bağlı Beynəlxalq Miqrasiya Təşkilatı Ukrayna daxilində də 6,5 milyon dinc sakinin didərgin düşdüyünü və beləliklə, qaçqınlarla qonşu ölkələrə köçmüş ukraynalıların ümumi sayının 10 milyona çatdığını bildirib.

Ən azı 1119 mülki vətəndaş həyatını itirib

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatına görə, fevralın 24-dən martın 26-dək Rusiya-Ukrayna müharibəsində ən azı 1119 mülki şəxs həlak olub, 1790 mülki şəxs isə yaralanıb.

Açıqlamada ölən və yaralanan mülki vətəndaşların sayının müəyyən ediləndən çox ola biləcəyi vurğulanıb.

Bəyanata görə, mülki əhali arasında itkilərin çoxu geniş təsir spektrinə malik partlayıcı silahların istifadəsi, o cümlədən ağır artilleriya və çoxsaylı reaktiv raket sistemlərinin bombardmanları və hava zərbələri nəticəsində baş verir.

BMT Ukraynadakı mülki itkilərlə bağlı yalnız təsdiq edə biləcəyi rəqəmləri açıqlayır. Ukrayna hakimiyyətinin məlumatına görə, həyatını itirən mülki şəxslərin sayı daha çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə