Hulusi Akar Qətərdə NATO ilə Türkiyə əlaqələrindən danışıb

Hulusi Akar Qətərdə NATO ilə Türkiyə əlaqələrindən danışıb

Milli müdafiə naziri Hulusi Akar Türkiyənin NATO-nun fəal və konstruktiv üzvü olmağa davam edəcəyini bildirib.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Akar Qətərin paytaxtında keçirilən "Doha Forum 2022"-nin "Strateji Müttəfiqliklərin İnkişaf Etməkdə olan Görünüşü" adlı iclasda çıxış edib.

Çıxışında Türkiyənin NATO daxilindəki roluna və Rusiya-Ukrayna müharibəsinə toxunan Akar Türkiyənin NATO, müttəfiqləri, dostları və tərəfdaşları qarşısında bütün öhdəliklərini yerinə yetirməyə davam etdiyini vurğulayıb.

"Türkiyə bölgəmizdə və dünyada sülh, təhlükəsizlik, əməkdaşlıq və mehriban qonşuluq münasibətlərinə töhfə verir. Buna heç bir şübhə yoxdur. Türkiyə Balkanlardan Orta Şərqə, Əfqanıstan və Qafqazdan Afrikaya və başqa bölgələrə qədər NATO-nun fəal və konstruktiv üzvü olmağa davam edəcək" deyib.

Prezident Rəcəb Tayyib Ərdoğanın başından bəridir Ukrayna və Rusiya liderləri ilə türk nazir və rəsmilərin də ukraynalı və rusiyalı həmkarları ilə mütəmadi təmasda olduğunu xatırladan Akar deyib:

“Əvvəlcə dərhal atəşkəs və mülki əhalinin təxliyəsi tələb olunur. İndiyədək 60 minə yaxın ukraynalı Türkiyəyə gəlib. Bu arada Ukraynadan 16 minə yaxın türk və 13 min digər vətəndaş öz ölkələrinə göndərilib".

Akar Türkiyənin Montrö Konvensiyası ilə bağlı mövqeyi ilə bağlı isə bunları deyib:

"Montrö Konvensiyası indiyə qədər Qara dənizdə balans və sabitliyi təmin edib. Türkiyə konvensiyanı hər zaman diqqətlə, məsuliyyətli və qərəzsiz şəkildə həyata keçirib. Bütün tərəflərin xeyrinə bu şəkildə davam etməlidir".

İclasdan əvvəl Milli Müdafiə Naziri Akar Qətərin Baş nazirinin müavini və Müdafiə naziri Xalid bin Məhəmməd Əl-Attiyah ilə görüşüb.

Görüş zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıldığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə