Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynada təxminən 1104 dinc sakin həyatını itirib, 1754 mülki şəxs yaralanıb, 3 milyon 772 min 599 adam qaçqın düşərək qonşu ölkələrə köçüb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Birləşmiş Millətlər Təşkilatı Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) verdiyi məlumata görə, Ukraynadan 24 fevral - 25 mart tarixləri arasında didərgin düşən 3 milyon 772 min 599 qaçqının yarıdan çoxu Polşaya keçib. Qonşu ölkələr arasında Polşaya 2 milyon 236 min 314, Rumıniyaya 579 min 800, Moldovaya 379 min 204, Macarıstana 342 min 738 və Slovakiyaya 267 min 702 ukraynalı gedib. 21-23 fevraldan isə 50 min nəfər Donetsk və Luqansk vilayətlərindən Rusiyaya keçib.
BMT-yə bağlı Beynəlxalq Miqrasiya Təşkilatı təxminən 6,5 milyon mülki şəxsin Ukrayna daxilində didərgin düşdüyünü və beləliklə, qaçqınlarla qonşu ölkələrə köçmüş ukraynalıların ümumi sayının 10 milyona çatdığını bildirib.
Bu arada, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanın hücumlarının davam etdiyi Ukraynada səhiyyə mərkəzlərinə edilən hücumların 70-dən çox olduğunu açıqlayıb. Qeyd edək ki, təşkilatın Səhiyyə Xidmətlərinə Hücumları İzləmə Mərkəzində tibbi müəssisələrə edilən hücum məlumatları Ukraynada müharibənin başlandığı 24 fevraldan yenilənir.
Məlumata görə, Ukrayna səhiyyə ocaqlarına 72 hücum edilib ki, nəticədə 71 adam ölüb, 37 nəfər yaralanıb. Hücumların 56-sı ağır, 12-si isə fərdi silahlarla, digərləri isə girov saxlama və təxribat şəklində həyata keçirilib. Bildirilib ki, hücumlarda indiyədək 58 səhiyyə binası ilə yanaşı, 11 təcili yardım, 8 tibbi avadanlıq maşınları və 1 dərman anbarı zərər çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB