Ağ Ev Baydenin Putin haqqında dediklərini “xırdaladı”...

Ağ Ev Baydenin Putin haqqında dediklərini “xırdaladı”...

...Yenə də o günkülər “yaşanır”, yəni ölkənin birinci şəxsi öz sözünü deyir, amma həmən ölkənin səlahiyyətliləri sonradan birinci adamın dediklərinə özlərinə “sərf edən şəkildə izahat” verirlər.

“...Vladimir Putin hakimiyyətdə qala bilməz!”. ABŞ prezidenti dedi və hamı da eşitdi.

Belə ki, Polşanın paytaxtı Varşavada amerikalı əskərlər qarşısında cıxış edən ABŞ prezidenti Cozef Bayden Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərini tənqid edib və sonra da o “rusları özünə düşmən hesab etmədiyini” bəyan edib..

Təbii ki, Baydenin rusları özünə düşmən hesab edib-etmədiyi öz işidir, amma onun Putinin rus hakimiyyətində qala bilməməsi ilə bağlı dediklərini, onun ətrafının təkzib etməsi başadüşülən deyil. Axı, deyildiyi kimi bunu hamı eşitdi. Amma...

...Budur, SİA-nın da istisnad etdiyi TASS xəbər verir ki, Ağ Ev daha sonra aydınlaşdırıb ki, sən demə Bayden belə demək istəmirmiş. Yəni bunları deyərkən, o heç də Rusiyada hakimiyyət dəyişikliyini nəzərdə tutub çağırış filan eləməyib

ABŞ prezidenti, sadəcə olaraq, Putinin qonşu dövlətlər üzərində hökmranlıq etməsinə imkan verilməməsini nəzərdə tutub. Yəni Bayden Putinin Rusiyadakı hakimiyyəti və ya rejim dəyişikliyi məsələsini müzakirə etməyib.

Qeyd edək ki, bu hesabatmı deyək, açıqlamamı deyək... Ağ Ev elə indilərdə yayıb.

Təbii ki, buna Kremlin reaksiyası da özünü çox gözlətməyib. Belə ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Baydeni “bir çox aldatmaların qurbanı” adlandırıb.

Peskova görə, Amerika lideri “məsləhətçilərinin yanlış arqumentlərini” səsləndirə bilərdi. “Rusiyada kimin hakimiyyətdə olub-olmaması əcnəbilər üçün sual deyil... Bu, Rusiya vətəndaşları üçün sualdır və onlar bu məsələni öz prezidentlərinə səs verərək özləri həll edirlər”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə