Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, “S-400”lərin Ukraynaya verilməsindən söhbət gedə bilməz”. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Qətərin paytaxtı Dohada keçirilən forumda çıxışı zamanı M.Çavuşoğlu deyib: "Artıq “S-400”lər Türkiyəyə gəlib. Deyirlər: “S-400”lər Ukraynaya verilməlidir”, amma bundan söhbət belə gedə bilməz. Türkiyənin hava hücumundan müdafiəyə daha çox ehtiyacı yoxdurmu? Təbii ki, var. Müttəfiqlərimizdən ala bilməsək, başqa yerlərə müraciət edəcəyik. Artıq istehsalın 70 faizdən çoxunu edə bilərik. Hava hücumundan müdafiə sistemimiz də olacaq. Bu çərçivədə başqa alternativlər üzərində çalışırıq.
Türkiyənin işi Rusiya və Ukrayna arasında barışa vasitəçilik etməkdir. Hamı bilir ki, ciddi məsələlər müzakirə olunur. Uğur qazansaq, həll yolu tapsaq, atəşkəs təmin ediləcək. Amma bu atəşkəsə qədər insanların gündəlik tələbatları ödənilməli, humanitar dəhlizlər açılmalıdır. Bu, hər kəsə bəllidir.
Biz vasitəçiyik. Dürüst vasitəçi olmaq lazımdır. Bizim işimiz hər iki tərəfə bu problemi təhlükəsiz şəkildə yoluna qoymağa kömək etməkdir. Bu məsələdə son qərarı kim verəcək? - Putin və Zelenski. Biz onları bir araya gətirməyə çalışırıq”.
Mövlud Çavuşoğlu Doha Forumu çərçivəsində həmkarları ilə də ikitərəfli görüşlər keçirib və bu barədə məlumatı “twitter” hesabından paylaşaraq yazıb: “Dohada biz Ukraynanın xarici işlər nazirinin müavini, Qətər, Meksika, Efiopiya, Əlcəzair və Şri-Lankanın xarici işlər nazirləri, Münhen Təhlükəsizlik Konfransı Fondunun prezidenti, ABŞ-ın xüsusi nümayəndəsi ilə görüşdük."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB