NATO ölkələrinin Ukraynaya silah-sursat yardımı

NATO ölkələrinin Ukraynaya silah-sursat yardımı

NATO-nun fövqəladə liderlər Zirvə toplantısından sonra Böyük Britaniya, Amerika Birləşmiş Ştatları (ABŞ) və Fransa kimi Qərb ölkələri Ukraynaya əlavə silah və sursat verməyə davam edəcəklərini açıqlayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, NATO həm də Qərb ölkələri Rusiyaya qarşı ağır sanksiyalara əlavə olaraq, Ukraynanın müdafiəsinə töhfə verəcək silah və sursat yardımlarının davam edəcəyini açıqladı.

NATO-nun baş katibi Yens Stoltenberq sammitdən sonra verdiyi açıqlamada NATO-nun yeni təhlükəsizlik reallığı ilə üzləşdiyinə diqqət çəkib və NATO-nun 4 yeni döyüş qrupunun Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada yerləşdirilməsinə qərar verildiyini bildirib. Bunanla da NATO-nun çoxmillətli döyüş qruplarının sayı 8-ə çatdırıldı.

Stoltenberq ABŞ-ın NATO-ya dəstək verən 100 min, avropalı müttəfiqlərin isə əsasən NATO-nun şərq cinahında olmaqla 40 min əsgəri olduğu məlumatını paylaşıb.

NATO-nun quruda, xüsusilə alyansın şərq cinahında varlığını gücləndirəcəyini ifadə edən Stoltenberq havada daha çox reaktiv təyyarə yerləşdirəcəklərini, inteqrasiya olunmuş müdafiə raketlərini gücləndirəcəklərini, dənizdə isə sualtı qayıqlardan əlavə, daimi əsasda döyüş gəmilərinə sahib olacaqlarını bildirib.

Müttəfiqlərin Ukraynanı mühüm hərbi materiallarla da təchiz etdiyini bildirən Stoltenberq bunların arasında "təsiri sübut edilmiş" tank əleyhinə və hava hücumundan müdafiə sistemləri və pilotsuz uçuş aparatlarının olduğunu qeyd edib.

NATO-nun baş katibi həmçinin əhəmiyyətli maliyyə və humanitar yardım göstərəcək ölkələrin Ukraynaya bioloji, kimyəvi, radioloji və nüvə təhlükələrindən qorunmaq üçün kibertəhlükəsizlik və avadanlıq yardımı göstərməyə qərar verdiklərini açıqlayıb.

İngiltərənin Baş naziri Boris Conson Ukraynaya öldürücü silah yardımını artırmaq üçün həmfikir müttəfiqləri ilə çalışacağını bəyan edib.

“Mən bu gün elan etdim ki, İngiltərə (Ukraynaya) daha 6 min raket göndərəcək və biz Ukrayna Silahlı Qüvvələrinə indiyə qədər verdiyimiz öldürücü (silah) yardımdan iki dəfə çox olan 25 milyon funt-sterlinq maliyyələşdirəcəyik”, -deyə B. Conson qeyd edib.

Conson Britaniya qoşunlarının həm Polşada, həm də Estoniyada artırılacağı, eləcə də Bolqarıstana yeni qoşun yeridilməsi barədə məlumatı da paylaşıb.

Zirvədən sonra ABŞ prezidenti Co Bayden ölkəsinin xüsusilə kimyəvi silahdan istifadə halında cavab verəcəyini bildirərək, prezidentliyə başlayandan bəri Ukraynaya 2 milyard dollarlıq hərbi texnika vəd etdiklərini vurğulayıb.

Bayden həmçinin Ukraynaya 1 milyard dollar humanitar yardım edəcəklərini və 100 min ukraynalının ABŞ-a qəbul ediləcəyini bildirib.

O “Mən danışarkən silahlarımız Ukraynaya axır” deyib.

Fransa prezidenti Emmanuel Makron müharibə başlayandan bəri Kiyev administrasiyasına hava-yer tipli sursatların və tank əleyhinə silahların çatdırıldığını açıqlayıb.

NATO-nun bir hissəsi olaraq Estoniyadakı qüvvələrin yaxın günlərdə Fransa ordusu ünsürləri ilə gücləndiriləcəyini ifadə edən Makron "Bu səyləri eyni ardıcıllıq və müəyyən sərhəd daxilində davam etdirəcəyik. Ukraynaya hərbi və humanitar yardım göstərməyə davam edəcəyik" deyib.

Bu arada sammitdən sonra Almaniyadan hərbi texnika və sursatla bağlı açıqlama verilməsə də, Berlin rəhbərliyi Ukrayna və qonşu ölkələrə humanitar yardım dəstəyini 370 milyon avroya çatdıracağını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə