Bolqarıstan Rusiyadakı səfirini geri çağırıb

Bolqarıstan Rusiyadakı səfirini geri çağırıb

Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başladığı müharibədən sonra Sofiya ilə Moskva arasında diplomatik gərginlik artır.

SİA-nın əldə etdiyi məlumata görə, Bolqarıstan administrasiyası Moskvadakı səfiri Atanas Kristini “məsləhətləşmək” üçün paytaxt Sofiyaya çağırıb.

Baş nazir Kiril Petkov mətbuata açıqlamasında Rusiyanın Sofiyadakı səfiri Eleonora Mitrofanovanın bir aydır Bolqarıstanla bağlı "təhqiredici mövqe və açıqlamalarını" tənqid edib və bu səfirlə bağlı tədbirlərin nəzərdən keçirildiyini bildirib.

Petkov “Xarici diplomatın bolqarları və hökumətimizi təhqir etməsi və bu cür münasibət sərgiləməsi qətiyyən qəbuledilməzdir” deyib.

Bu səbəbdən Moskva səfiri Atanas Kristini Sofiyaya "məsləhətləşmələr" üçün çağırdıqlarını ifadə edən Petkov, Rusiyanın da oxşar addımla Mitrofanovanı geri çağırmasını gözlədiklərini söyləyib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanğıcında səfir Mitrofanova üzvü olduğu NATO və Aİ tərəfdarı mövqedə olan Bolqarıstanla bağlı səfirliyin rəsmi internet saytındakı paylaşmalarında Bolqarıstan hakimiyyətini təhqir edib.

Hadisə qalmaqala səbəb olduqdan sonra Mitrofanovanın ifadələrinin bolqar variantı çıxarılsa da, rusca mətndə daha ağır təhqirlər yer alıb.

Mitrofanova etiraz notası almaq üçün çağrıldığı Bolqarıstan Xarici İşlər Nazirliyinə müşavir göndərib.

Baş nazir Petkov Mitrofanova ilə görüşdə ölkədə casusluq edən Rusiya diplomatların Moskvaya geri çağırılmasını tələb edib.

Mitrofanova Osmanlı-Rus müharibəsinin sonu və Bolqarıstanın müstəqilliyinin 144-cü ildönümününün qeyd olunduğu 3 Mart Milli Günündə Bolqarıstanın Osmanlı imperiyasından suverenlik mübarizəsini Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ilə müqayisə edib.

Bolqarıstan gərginliyin artdığı bir şəraitdə Sofiyada işləyən 10 Rusiya diplomatını “arzuolunmaz şəxs” elan edib.

Mitrofanova isə Bolqarıstan mətbuatında saxta xəbərlərə əsaslanan açıq bir anti-Rusiya təbliğatının aparıldığını və Rusiyanın da reaksiyasının olacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə