Kreml nüvə silahından nə vaxt istifadə edəcək?..

Su ayının boğazına çıxanda, öz doğma balasını belə ayağı altına qoyar...
Kreml nüvə silahından nə vaxt istifadə edəcək?..

“... Ölkənin mövcudluğuna təhlükə yaranarsa, Rusiya nüvə silahından istifadə edə bilər”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu CNN-ə müsahibəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Qeyd edək ki, bu barədə xəbəri TASS yayıb

Beləliklə, Peskovun sözlərinə görə, nüvə silahından istifadənin əsasları Rusiyanın milli təhlükəsizlik konsepsiyasında göstərilib. “Ölkəmizin mövcudluğuna təhlükə varsa, ondan konsepsiyaya uyğun istifadə etmək olar.

Mətndə sadalanan bir sıra başqa əsaslar da var”, - deyə Peskov Rusiyanın nüvə silahından istifadəsini tamamilə istisna etməyin mümkün olub-olmadığı sualına cavab verib.

Bir daha xatırladaq ki, fevralın 27-də Rusiya prezidenti Vladimir Putin Rusiya ordusunun çəkindirmə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstəriş verib.

Çəkindirici qüvvələr strateji hücum silahlarıdır: qitələrarası ballistik raketlər, sualtı qayıqlardan buraxılan ballistik raketlər, ağır strateji təyyarələr, Tu-95, Tu-160 və Tu-22 ağır bombardmançı təyyarələr.

Putinin sözlərinə görə, bu addım NATO nümayəndələrinin Rusiyaya qarşı qeyri-dost və aqressiv bəyanatları fonunda atılıb.

Necə deyərlər, su ayının boğazına çıxanda, öz doğma balasını belə ayağı altına qoyar...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə