Aİ öz müdafiə xərclərini Rusiyanın xərcləri ilə müqayisə edib

Aİ öz müdafiə xərclərini Rusiyanın xərcləri ilə müqayisə edib

Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrell təmsil etdiyi təşkilatın hərbi xərclərinin təqribən 200 milyard avro olduğunu bildirib və bunun Rusiya Federasiyasının müdafiə xərclərindən dörd dəfə çox, lakin daha az səmərəli olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İzvestiya” portalı Avropa İttifaqının Xarici Əlaqələr və Müdafiə Şurasının iclasının yekunlarına istinadən xəbər verir.

“Bu gün biz müdafiəyə 200 milyard avro xərcləyirik, bu, Rusiyanın xərclədiyindən dörd dəfə çoxdur. Biz Rusiyadan dörd dəfə çox xərcləyirik, amma o qədər də səmərəli deyil”, - deyən Borrell Çinin də müdafiəyə heç də az pul xərcləmədiyini qeyd edib.

Maraqlıdır ki, diplomatiya rəhbəri Avropa İttifaqına üzv olan dövlətlərin təhlükəsizlikləri təhdid edildiyi üçün müdafiəyə daha çox pul xərcləməli, “funksiyaların təkrarlanmasından çəkinməli və boşluqları doldurmalı” olduqlarını da bildirib.

Xatırladaq ki, həmin gün Avropa İttifaqının “özünün strateji kompası” müdafiə konsepsiyasını təsdiq etdiyi də vurğulanır. Qeyd edək ki, bu konsepsiya 2030-cu ilə qədər olan dövr üçün nəzərdə tutulub və beş min nəfərdən ibarət Çevik Reaksiya Qüvvələrinin yaradılmasını nəzərdə tutur. Bundan əlavə, Avropa İttifaqınin müdafiə sahəsində NATO-ya kömək edəcəyi də qeyd edilir.

“İzvestiya” portalının yazdığına görə, sənəd martın 24-25-də Avropa İttifaqı dövlət başçılarının Brüsseldə keçiriləcək sammitində qəbul olunacaq.

Onu da qeyd edək ki, konsepsiya Jozef Borrelin rəhbərliyi ilə 2020-ci ildən bəri hazırlanırdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə