Ukraynada 12 milyona yaxın insan məcburi köçkünə çevrilib

Polşa Sərhəd Mühafizəsinin sosial mediada etdiyi paylaşımda isə ölkəyə daxil olan ukraynalıların sayı ilə bağlı son məlumatlar açıqlanıb
Ukraynada 12 milyona yaxın insan məcburi köçkünə çevrilib

Ukraynada 11-12 milyon nəfər məcburi köçkünə çevrilib.

SİA-nın əldə etdiyi məlumata görə, bunları Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak tviterdə yazıb.

“Üç milyondan çox ukraynalı Avropa ölkələrinə qaçmaq məcburiyyətində qalıb. Müharibə səbəbindən şəhərlərini, işlərini tərk etmiş məcburi köçkünlərin sayı 11-12 milyon nəfərdir. Sadəcə bu rəqəmə fikir verin. Rusiya milyonlarla insanın həyatını məhv edir”, - paylaşımda deyilir.

Polşa Sərhəd Mühafizəsinin sosial mediada etdiyi paylaşımda isə ölkəyə daxil olan ukraynalıların sayı ilə bağlı son məlumatlar açıqlanıb.

Müvafiq olaraq, müharibə başlayandan bəri 2 milyon 114 min Ukrayna vətəndaşı Polşaya daxil olub.

Rusiyanın hücumlarından qaçaraq Polşaya sığınan ukraynalıların bir hissəsinin başqa ölkələrə getdiyi bildirilib.

Varşava Universitetinin Miqrasiya Tədqiqatları üzrə professoru Maciej Duszczyk Polşada təxminən 1,2 milyon ukraynalının qaldığını təxmin edir.

Müharibə başlayandan bəri 250 mindən çox ukraynalı Polşa vasitəsilə öz ölkələrinə qayıdıb.

Bütün xəbərlər Facebook səhifəmizdə