Zelenski videokonfrans vasitəsilə İsrail parlamentinə müraciət edib
Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın paytaxtı Kiyevdən videokonfrans vasitəsilə İsrail parlamentinə müraciət edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Zelenski çıxışında həm Rusiyaya qarşı sanksiyalar, həm də Ukraynaya silah dəstəyi tələb edib. O, həmçinin İsrailin keçmiş baş naziri Qolda Meirin “Biz yaşamaq istəyirik, amma qonşularımız bizi ölü görmək istəyir” sözlərini də əlavə edib.
Nasist Partiyasının 102 il əvvəl Almaniyada 24 fevral 1920-ci ildə qurulduğuna diqqət çəkən Zelenski “Bizim imkanlarımız fərqlidir. Amma təhlükə həm sizin, həm də bizim üçün eynidir. Mədəniyyəti, dövləti, insanları məhv etmək istəyirlər. İstəyirəm ki, siz hər şeyi hiss edəsiniz və Ukraynaya hücumların başladığı 24 fevral tarixini xatırlayasınız. Bu gün həm ukraynalılar, həm yəhudilər, həm də dünya üçün faciə kimi tarixə düşdü” deyib.
”Bu hücumlar nəticəsində minlərlə insan həlak oldu və milyonlarla insan evsiz qaldı. İnsanlarımız dünyanın dörd bir yanına səpələnib və sizin keçmişdə etdiyiniz kimi təhlükəsiz yerlər axtarırlar. Bu, sadəcə hərbi əməliyyat deyil, xalqımızı, ölkəmizi, şəhərlərimizi, mədəniyyətimizi və uşaqlarımızı məhv etməyə yönəlmiş total qanunsuz müharibədir” deyə Zelenski açıqlayıb.
Qeyd edib ki, Zelenskinin parlamentə müraciəti İsrailin paytaxtı Təl-Əvivdəki Habima meydanında nəhəng ekranda canlı yayımlanarkən aralarında ukraynalıların da olduğu yüzlərlə nümayişçi əllərində Ukrayna bayraqları ilə Zelenskini dinləmək üçün meydana toplaşıb.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB