Baydenin ABŞ üçün ən "fəlakətli səhvi"...

Baydenin ABŞ üçün ən "fəlakətli səhvi"...

Səudiyyə Ərəbistanının Çinə nefti dollarla deyil, yuanla satmaq barədə danışıqlar aparmasını “The Wall Street Journal” nəşri Cozef Bayden administrasiyasının “potensial əhəmiyyətli itki”si kimi qələmə verir. Məsələ bundadır ki, nəşr bunu ABŞ rəhbərliyinin strateji əhəmiyyətli müttəfiqi olan Səudiyyə Ərəbistanına qarşı göstərdiyi etinasızlıqdan qaynaqlandığını bildirir.

SİA bu barədə “rambler” saytına istinad edir.

İlk olaraq nəşr xatırladır ki, hələ 1974-cü ildən bəri Səudiyyə Ərəbistanı ABŞ-ın təhlükəsizlik zəmanəti müqabilində neft ticarətini yalnız dollarla həyata keçirməyi öhdəsinə götürüb. Lakin hazırkı Bayden administrasiyası bu razılaşmaları mütəmadi olaraq pozurdu və təbii ki, bu da səudiyyəlilərin narazılığına səbəb olmaya bilməzdi.

Məsələn belə pozuntulara misal olaraq Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarş apardığı müharibədə ABŞ-ın səudiyyəlilərə verdiyi dəstəyi geri çəkməsi, husilərin terrorçu statusunun onların üzərlərindən götürülməsi, həmçinin Ər-Riyada planlaşdırılan silah satışını təxirə salmaq qərarını və s. göstərmək olar.

Nəşrin yazdığına görə, bütün bunların fonunda Səudiyyə Ərəbistanı "Amerika hakimiyyətinə arxalanmağa dəyməz" qənaətinə gəldiyi üçün öz mövqelərinə yenidən baxır. Belə ki, artıq vəliəhd ABŞ prezidentinin neft hasilatının artırılması ilə bağlı çağırışlarını da rədd edib və hətta Cozef Baydenin telefon zənginə cavab verməkdən də imtina edib.

Yeri gəlmişkən nəşr Ər-Riyadla danışıqların uğurlu yekunlaşacağı təqdirdə Pekinin “xeyli qabağa düşəcəyi”ni də istisna etmir.

“The Wall Street Journal” qeyd edir ki, səudiyyəlilərlə münasibətdə səhvlər Baydenin “fəzilətli liberal beynəlmiləlçilik” versiyasının çatışmazlıqlarını üzə çıxarır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə