Aİ Xarici Əlaqələr Şurası Ukrayna və bir sıra ölkələr üçün toplanır

Aİ Xarici Əlaqələr Şurası Ukrayna və bir sıra ölkələr üçün toplanır

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər və müdafiə nazirləri martın 21-də Ukrayna və "Aİ strateji kompası" başda olmaqla müxtəlif mövzuları müzakirə etmək üçün bir araya gələcək. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının Xarici Əlaqələr Şurasında təşkil ediləcək iclasın birinci hissəsində Aİ ölkələri xarici işlər nazirləri qiymətləndirmələr aparacaq və müdafiə nazirləri ilə birgə iclaslar keçirəcəklər.

Toplantılarda Ukraynanın müdafiə naziri Oleksii Reznikovun videokonfrans vasitəsilə nazirlərlə Rusiya-Ukrayna müharibəsindəki son vəziyyətlə bağlı müzakirəsi, həmçinin Moldovanın xarici işlər naziri Niku Popesku ilə fikir mübadiləsi aparması planlaşdırılır.

Şura iclasının Ukrayna ilə bağlı hissəsində Aİ müdafiə nazirləri Ukraynanın hərbi ehtiyaclarını müzakirə edəcəklər.

Aİ-nin qarşısına çıxan çətinliklərə dair gələcək 5-10 il üçün hərəkət planı olan “Aİ strateji kompası” sənədinin mətni də 21 martda Aİ Xarici Əlaqələr Şurası tərəfindən qəbul olunacaq.

Sənəd martın 24-25-də keçiriləcək Aİ Liderlərinin Sammitində təsdiq olunmaq üçün ölkə başçılarına təqdim ediləcək.

Bildirilir ki, Aİ üçün yeni təhdidlər və çağırışlar ortaya qoyan sənəddə Rusiya-Ukrayna müharibəsindən sonra “NATO ilə Aİ arasında güclü tərəfdaşlıq, siyasi birlik, harmoniya və bir-birini tamamlama” kimi anlayışlar vurğulanır.

Aİ xarici işlər və müdafiə nazirləri yığıncaqda Sahel və Malidəki vəziyyəti də müzakirə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə