“Bu ağılsızlıq və məkrdən başqa bir şey deyil”

Bu gün ABŞ başda olmaqla, avropalıların Ukraynada yandırdıqları yanğını söndürməli olan da ABŞ olmalıdır
“Bu ağılsızlıq və məkrdən başqa bir şey deyil”

“Amerika hakimiyyəti Pekin və Moskva arasında gərginlik yaratmaq üçün Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı mövzusundan istifadə etməyə çalışır”.

Rusiyanın “rambler” xəbər agentliyinin yazdığına görə, bu fikirləri Çinin “Global Times” nəşri yazıb. SİA bu barədə rus mətbuatına istinad edir.

Ümumiyyətlə, Çin nəşri ABŞ-ın indiki vəziyyətdə Pekini Moskvaya təzyiq göstərməyə məcbur etmək cəhdlərini tənqid edir. Nəşrə görə, əslində bu gün Rusiyanın qəzəblənib Ukraynada hərbi əməliyyat aparmasının əsas səbəb və səbəbkarı NATO-nun şərqə doğru genişlənməsi olub.

Nəşrin yazdığına görə, bu gün ABŞ başda olmaqla, avropalıların Ukraynada yandırdıqları yanğını söndürməli olan da ABŞ olmalıdır. Amma Vaşinqtonun Pekindən bunu Rusiya-Çin münasibətləri bahasına həll edilməsi tələbi ağılsızlıq və məkrdən başqa bir şey deyil. Bunu da “Global Times” yazır.

Bundan əlavə nəşr ABŞ və Şimali Atlantika Alyansının Avropa təhlükəsizlik sisteminin qurulmasında da səhvə yol verdiyini bildirir.

Nəşr daha sonra yazır; “Rusiya müstəqil böyük dövlətdir və Çinin Moskvanın “olum və ta ölüm” məsələsi hesab etdiyi Ukrayna ilə bağlı qərarına təsir etmək imkanı yoxdur”.

Nəşrin fikrincə, əgər Pekin həqiqətən də Ukrayna məsələsi ilə bağlı Moskvaya təzyiq göstərsə, bu halda iki ölkə arasında münasibətlərə xələl gələr və qarşılıqlı etimad pozula bilər. Bu isə hər iki tərəf üçün böyük strateji itki ola bilər.

Maraqlıdır ki, Amerikanın məhz buna nail olmaq istədiyini istisna etməyən nəşr sual edir: “...Bəs Pekin və Moskva bu cür pis hiylənin uğur qazanmasına niyə icazə verirlər?”

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə