Çində son günlər COVID-19 virusuna gündəlik yoluxma hallarının sayının artdığı üçün insanlara infeksiyaya yoluxmasını ev şəraitində müəyyən etmək üçün sürətli antigen testlərdən istifadəyə icazə verilib. SİA xəbər verir ki, Çin Dövlət Tibbi Məhsullar Administrasiyası yerli şirkətlərin istehsalı olan 5 antigen test dəstindən istifadə edəcək. Sakinlər sürətli antigen testləri apteklərdən və onlayn platformalardan əldə edə biləcək. Bu üsuldan dünyanın bir çox ölkələrində istifadə olunsa da, Çində indiyədək tətbiq olunmayıb.
Antigen test üçün burun-udlaqdan götürülmüş yaxma nümunəsindən istifadə olunur. Nümunə götürüldükdən sonra nəticə təxminən 1 saat ərzində hazır olduğuna görə bu testlərə sürətli, yəni ekspress testlər deyilir. Götürülmüş nümunədə virusa aid antigen (hissəcik) varsa, test dəstinin üzərində pozitiv anlamına gələn rəngli xətt əmələ gətirir. Bu testlərin həssaslığı (təyinetmə qabiliyyəti) 91-98 faiz, spesifikliyi (dəqiqliyi) isə 98-99 faiz arasında dəyişir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə antigen testlər ilə alınmış pozitiv nəticənin PZR (polimerazlı zəncirvari reaksiya) testi ilə təsdiq olunmasına ehtiyac yoxdur. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi antigen testi pozitiv olanların xüsusi yerlərdə müəyyən müddətə özünütəcrid rejimində qalmasını və bir neçə PZR testi verməsini tələb edir.
Qeyd edək ki, fevralın son günlərindən etibarən Çində COVID-19 virusuna gündəlik yoluxma halları davamlı olaraq artır. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ötən sutka 1807 təsdiqlənmiş və 1315 asimptomatik yoluxma aşkarlanıb. Təsdiqlənmiş yoluxmaların sayı əvvəlki günlə müqayisədə 4 dəfəyə yaxın çoxalıb. Sutkalıq bu cür yüksək rəqəmlər Çində COVID-19 böhranının qızğın vaxtlarında (2020-ci il yanvar-fevral ayları) qeydə alınırdı. Böyük hissəsi “omikron” ştamı ilə əlaqəli olan yoluxmalar paytaxt Pekin də daxil olmaqla təxminən 50 şəhərdə aşkarlanıb.
Artıq Çinin maliyyə mərkəzi və ən iri şəhərlərindən olan Şanxayın bütün orta məktəblərində əyani tədris müvəqqəti olaraq dayandırılıb, sakinlərə ciddi səbəb olmadığı təqdirdə şəhəri tərk etməmək tövsiyə olunub, ali məktəblərin kampuslarına giriş-çıxış bağlanıb, muzeylər, kinoteatrlar, parklar da daxil olmaqla mədəniyyət və istirahət obyektlərinin çoxu fəaliyyətini dayandırıb.
Təxminən 9 milyon sakini olan Çançun şəhərində isə qapanma elan edilib. Epidemiya ilə mübarizəni düzgün təşkil etmədiyinə görə Cilin şəhərinin meri vəzifəsindən uzaqlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB