Macarıstanda ilk dəfə qadın prezident seçilə bilər

Macarıstanda ilk dəfə qadın prezident seçilə bilər

Bu gün Macarıstanda prezident seçkiləri keçiriləcək.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, seçkilərin nəticəsində ölkə tarixində ilk dəfə qadın bu vəzifəni tuta bilər.

Yeni dövlət başçısının hakim FİDES – Macarıstan Vətəndaş Birliyi Partiyasının namizədi, yaxın vaxtlara qədər ailə məsələləri üzrə nazir vəzifəsini icra etmiş Katalin Novak olacağı gözlənilir.

Macarıstanın hazırkı Prezidenti, 62 yaşlı Yanoş Ader 2012-ci ildən bu vəzifədə ardıcıl iki dəfə beş illik dövrə – ölkə konstitusiyasının icazə verdiyi maksimum müddətdə çalışıb. Onun səlahiyyət müddəti mayın 10-da başa çatır.

Konstitusiyaya uyğun olaraq, Macarıstan prezidenti Milli Assambleya (birpalatalı parlament) tərəfindən gizli səsvermə yolu ilə seçilir. Namizəd kimi qeydiyyatdan keçmək üçün deputatların azı 20 faizinin dəstəyini toplamaq lazımdır. Birinci turda qalib gəlmək üçün səslərin üçdə ikisi tələb olunur və FİDES və Xristian Demokrat Xalq Partiyasının (XDXP) hakim koalisiyası bu qədər yerə sahibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə