“Türkiyənin İsraillə ortaq məqsədi siyasi dialoqun canlandırılmasıdır”

“Türkiyənin İsraillə ortaq məqsədi siyasi dialoqun canlandırılmasıdır”

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin İsraillə ortaq məqsədinin siyasi dialoqu yenidən canlandırmaq olduğunu bildirib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Türkiyəyə rəsmi səfərə gələn İsrail prezidenti İsaak Herzoqu Ankarada Prezident Aparatında rəsmi mərasimlə qarşılayan Ərdoğan həmkarı ilə təkbətək görüşüb, heyətlər bir araya gəlib.

Görüşlərdən sonra keçirilən birgə mətbuat konfransında prezident Ərdoğan Herzoqun bu tarixi səfərinin Türkiyə-İsrail münasibətlərində yeni bir mərhələ olacağına inandığını bildirərək deyib: “Türkiyənin İsraillə ortaq məqsədi iki ölkə arasında qarşılıqlı maraq və həssaslıqlara hörmət əsasında siyasi dialoqun canlandırılmasıdır.

Bölgəmizdə sülh, əmin-amanlıq və birgə yaşayış mədəniyyətinin yenidən bərqərar olmasına töhfə vermək bizim əlimizdədir.

Türkiyə-İsrail əlaqələrinin inkişafı və möhkəmlənməsi regional sabitlik və sülh, eləcə də iki ölkə üçün çox vacibdir.

Biz Fələstin məsələsində həssaslığımızı bir daha ifadə etdik və iki dövlətli həllin tərəfdarı olduğumuzu söylədik.

Görüşümüz zamanı Türkiyənin Qüdsün tarixi statusu, Məscidi-Əqsanın dini anlamı və müqəddəsliyinin qorunub-saxlanmasına verdiyi önəmi vurğuladıq.

İsraillə enerji və enerji təhlükəsizliyi layihələrində əməkdaşlığa hazır olduğumuzu bildirdik.

Xarici işlər nazirimizin Fələstinə və İsrailə, daha sonra isə enerji və təbii sərvətlər nazirimizin İsrailə edəcəyi səfərlər bizim üçün əhəmiyyətlidir.

İnanıram ki, qarşıdan gələn dövr ikitərəfli münasibətlərdə regional əməkdaşlıq baxımından yeni imkanlar gətirəcək”.

İsrail prezidenti İsaak Herzoq da məqsədlərinin iki ölkə və xalqları arasında dostluq əlaqələrinin inkişafı üçün zəmin yaratmaq olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə