Qara dənizdəki müəmmalı qəzalar

Qara dənizdəki müəmmalı qəzalar

Rusiyanın Ukraynaya hücumunun davam etdiyi bir vaxtda Qara dənizdə təyyarə, helikopter və gəminin bir-birinin ardınca yaşadığı müəmmalı qəzaların səbəbi araşdırılır.

SİA-nın əldə etdiyi məlumata görə, Rumıniyanın MiQ-21 qırıcı təyyarəsinin qəzaya uğramasından sonra qalıqlarını axtarmağa gedən İAR-330 Puma helikopterinin də eyni bölgədə düşməsi və Estoniyaya məxsus yük gəmisinin Ukraynanın Odessa limanı yaxınlığında böyük partlayışdan sonra batması diqqətləri Qara dənizdəki NATO bölgəsində dalbadal baş verən bu hadisələrə çəkib.

Dobruca üzərində hava patrulu həyata keçirən MiQ-21 döyüş təyyarəsi martın 2-də idarəetmə qülləsi ilə radio əlaqəsini kəsib. Sözügedən təyyarənin qalıqlarını axtarmaq üçün havaya qalxan IAR-330 Puma helikopteri də eyni ərazidə radarlardan itib.

Təyyarəni axtarmaq üçün havaya qalxan helikopterin qalıqları tapılarkən, bu helikopterdə olan 8 əsgərdən sağ qalan olmayıb.

Məsələ ilə bağlı araşdırma başladan Rumıniya səlahiyyətliləri, bir-birinin ardınca baş verən bu iki hadisənin hava şəraiti ilə bağlı ola biləcəyini, lakin hər ehtimalı dəyərləndirdiklərini bildirib.

Rumıniya Hərbi Hava Qüvvələrinin verdiyi itkilərdən sonra bildirilib ki, martın 3-də Estoniya yük gəmisi Odessa limanı yaxınlığında böyük partlayışdan sonra batıb.

Ötən gün Ukraynanın Olvia limanında Banqladeş yük gəmisi Rusiya raketi ilə vurulub və hadisə nəticəsində banqladeşli dənizçi həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə