Ermənistan parlamenti Paşinyanın istədiyi şəxsi prezident seçəcək

Ermənistan parlamenti Paşinyanın istədiyi şəxsi prezident seçəcək

Ermənistanın yeni prezidentinin seçilməsi məsələsi parlamentin çərşənbə günü keçiriləcək iclasının gündəliyinə daxil edilib.

SİA-nın əldə etdiyi məlumata görə, yeni dövlət başçısı postuna yeganə namizəd Baş nazir Nikol Paşinyanın komandasının üzvü, yüksək texnologiyalar sənayesi naziri Vaqan Xaçaturyandır.

Müxalifətdə olan “Ermənistan” və “Şərəf duyuram” parlament blokları prezidentliyə namizəd irəli sürmək fikrində olmadıqlarını və hazırkı vəziyyətdə hətta dolayısı ilə bu seçkilərdə iştirakın və legitimləşdirilməsini qəbuledilməz və yanlış hesab etdiklərini bildiriblər.

Ermənistan konstitusiyasına görə, prezidenti seçmək üçün parlament deputatlarının ümumi sayının azı dörddə üçünün səsini toplamaq lazımdır. Paşinyanın Vətəndaş Razılaşması Partiyası ölkənin 107 deputatdan ibarət qanunverici orqanında 71 mandata malik olduğundan, çox güman ki, ikinci turda seçkilər keçiriləcək və bu müddət ərzində namizədin ən azı deputatların beşdə üç hissəsinin səsini alması kifayətdir.

Xaçaturyan 2021-ci ilin avqustunda yüksək texnologiyalar sənayesi naziri təyin edilib. İxtisasca iqtisadçıdır, 1992-1996-cı illərdə Yerevan meri vəzifəsində çalışıb. Yerli ekspertlər vurğulayırlar ki, Paşinyan yalnız loyallığına görə onun namizədliyi üzərində dayanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə