Tokayevdən Rusiya və Ukrayna rəhbərliyinə çağırış

Tokayevdən Rusiya və Ukrayna rəhbərliyinə çağırış

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya-Ukrayna müharibəsi səbəbindən regionda geosiyasi vəziyyətin görünməmiş dərəcədə pisləşdiyini bəyan edərək, Rusiya və Ukraynanı “danışıq masası arxasında ortaq dil tapmağa” çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, Tokayev hakim Amanat (Nur Otan) partiyasının paytaxt Nur Sultanda keçirilən 22-ci Fövqəladə Baş Assambleyasında Rusiya ilə Ukrayna arasındakı müharibəyə toxunub.

Müharibə səbəbindən regionda geosiyasi vəziyyətin görünməmiş şəkildə pisləşdiyini vurğulayan Tokayev bu problemin həlli ilə bağlı danışmağın vaxtının çatdığını bildirib.

Tokayev "Biz hər iki dövləti danışıqlar masası arxasında ümumi dil tapmağa çağırırıq. Lazım gələrsə, vasitəçi kimi çıxış etməyə hazırıq" deyib.

Rusiya və Ukrayna arasındakı vəziyyətlə bağlı Qazaxıstanın mövqeyinə toxunan Tokayev ölkəsinin “ərazi bütövlüyü və suverenliyin” tərəfdarı olduğunu bildirib.

Tokayev "Biz Avrasiyanın təhlükəsizliyinin bölünməzliyi prinsipində israr edirik. Mən bunu fevralın 10-da Moskvaya səfərim zamanı da bildirdim" deyib.

Bu arada, Qazaxıstanın hakim “Nur Otan” partiyasının adı dəyişdirilib. Partiyanın yeni adı “Amanat” olub.

Qeyd edək ki, Qazaxıstan parlamentinin aşağı palatasının spikeri Yerlan Koşanov qurultayda partiyanın adının dəyişdirilməsini təklif edib. Partiyanın başqanı, dövlət başçısı Kasım-Jomart Tokayev bu təşəbbüsü dəstəkləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə