Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Biz Montrö Konvensiyasının ölkəmizə verdiyi səlahiyyətdən istifadə etmək qərarındayıq” dedi.
SİA-nın əldə etdiyi məlumata görə, paytaxt Ankarada Prezident Aparatında Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verən Ərdoğan deyib: “Rusiyanın Ukrayna ərazisinə hücumu qəbuledilməzdir.
Ukrayna hökuməti və xalqının mübarizəsini yüksək qiymətləndiririk.
Boğazlarda gəmi hərəkəti ilə bağlı Montrö Konvensiyasının ölkəmizə verdiyi səlahiyyətdən böhranın eskalasiyasının qarşısını alacaq şəkildə istifadə etmək qərarına gəldik.
Biz sülh və sabitliyin təmin edilməsi üçün çoxşaxəli diplomatik təşəbbüslərimizi fasiləsiz davam etdirmişik və etdiririk də.
Nə Ukrayna, nə də Rusiyadan keçək istəmirik. İkili standartlara məruz qalsaq da, iqtisadi və hərbi müttəfiqliyimizdən əl çəkmərik.
Türkiyə bölgəsində sülh və əmin-amanlıq istəyən bir ölkədir.
Qara dənizin şimalındakı Ukrayna və Rusiyaya da aralarındakı problemi dialoq yolu ilə həll etməyi məsləhət görürük. Yenə də bu prosesdə sülh və sabitliyi təmin etmək üçün çoxşaxəli diplomatiyamızı hərəkətə keçirmişik.
Biz həqiqətən də təəssüflənirik belə bir vəziyyətin yaranmasına.
Türkiyə tərkibində olduğu qurumlar və ittifaqlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, NATO və Avropa İttifaqı çərçivəsində üzərinə düşən öhdəlikləri ciddi şəkildə yerinə yetirir.
Regional və qlobal tarazlıqlarla yanaşı, biz öz milli maraqlarımızdan da vaz keçmərik.
Türkiyənin şimalındakı böhrandan təhlükəsiz şəkildə keçəcəyimizə heç kimin şübhəsi olmasın”.
R.T.Ərdoğan çıxışında həmçinin 5 min vətəndaşın Ukraynanı tərk edərək Türkiyə və digər ölkələrə getdiyini, təxliyyə prosedurlarının müxtəlif kanallarla davam etdiriləcəyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB