“Nə Rusiyadan, nə də Ukraynadan vaz keçə bilərik"

Prezident Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən sonra təyyarədə gündəmlə bağlı jurnalistlərin suallarını cavablandırıb
“Nə Rusiyadan, nə də Ukraynadan vaz keçə bilərik"

“Nə Rusiyadan, nə də Ukraynadan vaz keçə bilərik. Bizim problemimiz odur ki, gəlin elə bir addım ataq ki, heç birindən vaz keçmədən bunu həll edək”.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən sonra təyyarədə gündəmlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Fevralın 20-də Konqo Demokratik Respublikası ilə başlayan Afrika səfərinin başa çatdığını bildirən Ərdoğan Ukraynadakı kritik hadisələrə görə Qvineya-Bisau səfərini təxirə salmaq məcburiyyətində qaldıqlarını söyləyib.

Dövlət başçısı “Ölkəmizin Ukraynanın ərazi bütövlüyünə verdiyi önəmi telefonla danışdığım cənab Zelenskiyə (Ukrayna Prezidenti Vladimir Zelenski) də bildirdim. Onu da vurğuladım ki, biz Minsk razılaşmalarını açıq şəkildə pozan heç bir təşəbbüsü qəbul etmirik və qəbul etməyəcəyik. Böhran daha çox dərinləşmədən diplomatiya və dialoq yolu ilə həll etmək üçün üzərimizə düşəni etməyə hazır olduğumuzu da söylədim” deyib.

Qara dənizin təhlükəsizliyini və sabitliyini təhdid edən mövcud vəziyyətlə bağlı NATO müttəfiqləri ilə də məsləhətləşəcəklərini vurğulayan Ərdoğan NATO Liderlər Zirvəsini videokonfrans vasitəsilə keçirəcəklərini bildirib:

“Ümid edirik ki, Qara dəniz, Rusiya və Ukraynadan olan qonşularımız tez bir zamanda danışıqlar masasına qayıtsınlar".

Prezident Ərdoğan NATO Zirvəsindən gözləntilərinə dair suala "Hazırda liderlər çərçivəsində Rusiya ilə ciddi bir görüş performansı ortaya qoyan yoxdur" cavabını verib.

"İndiyədək biz ciddi mənada Ukraynaya əsgər göndərmək kimi bir vəziyyətlə üzləşməmişik. Hər kəs ancaq danışır, iş görən yoxdur. Belə bir vəziyyət var. İndiyədək Ukraynada ciddi hərbi kontingent göndərməyimizə ehtiyac olmayıb. Rusiya isə sərhəddə ciddi miqdarda əsgər yığıb. Belə bir vəziyyətdə nəticənin nə olacağını bilmək üçün kahin olmağa ehtiyac yoxdur. NATO videokonfrans formatında keçiriləcək Zirvə Görüşündə öz mövqeyimizi ortaya qoyacağıq”-deyə dövlət başçısı qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə