İtaliya Xarici İşlər Nazirliyi öz vətəndaşlarından Ukraynanı müvəqqəti olaraq tərk etmələrini xahiş edib.
SİA xəbər verir ki, “Mövcud şərait nəzərə alınaraq, vətəndaşları ehtiyat tədbiri kimi müvəqqəti olaraq Ukraynanı tərk etməyə çağırırıq”, - deyə nazirliyin məlumatında deyilir.
Həmçinin xatırladılıb ki, Donetsk, Luqansk və Krıma səyahət etmək qətiyyən tövsiyə edilmir.
İtaliya mətbuatına görə, hazırda Ukraynada iki minədək italyan var və onlarım çoxu paytaxt Kiyevdədir.
İtaliyanın xarici işlər naziri Luici Di Mayo qeyd edib ki, ölkəsinin Ukraynadakı səfirliyi istənilən halda fəaliyyətini davam etdirəcək və mühüm vəzifələrdə olmayan işçilər İtaliyaya qayıdacaq.
İsveçrə Konfederasiyası Xarici İşlər Departamenti ölkə vətəndaşlarına Ukraynaya səfərlə bağlı müraciət edib. Müraciətdə vətəndaşlar Ukraynaya turistik və təcili olmayan bütün növ səfərlərdən imtina etməyə çağırılıblar. Nazirlik bu müraciəti Ukrayna sərhədlərindəki gərginlik və mümkün hərbi eskalasiya ilə əlaqələndirib. Həmçinin bildirilib ki, hazırkı vəziyyətdə səfirlik əməkdaşlarının və digər İsveçrə vətəndaşlarının Ukraynadan təxliyəsi üçün ehtiyac görülmür, lakin təhlükəsizlik vəziyyəti yaxından izlənilir.
Slovakiyanın Xarici İşlər Nazirliyi Ukraynada xidmət edən slovak diplomatların ailələrinin təxliyəsinə qərar verib.Slovakiyanın xarici işlər naziri İvan Korcok bu barədə danışıb. O bildirib ki, fevralın 12-də böhranla mübarizə qrupunun iclasından sonra Slovakiya Xarici İşlər Nazirliyi Slovakiyanın Kiyevdəki səfirliyində və Slovakiyanın Ujqoroddakı Baş Konsulluğunda xidmət edən işçilərin ailə üzvlərinin təxliyəsi qərarı qəbul olunub. Nazirlik Slovakiya vətəndaşlarına məqsədindən asılı olmayaraq Ukraynaya bütün növ səfərləri təxirə salmağı tövsiyə edib.
Körfəzin ərəb ölkələri öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıblar. Səudiyyə Ərəbistanının Kiyevdəki səfirliyinin bəyanatında krallığın vətəndaşlarına diplomatik nümayəndəliyə gəlmələri və tez bir zamanda Ukraynanı tərk etmələri, həmçinin bu ölkəyə səfəri təxirə salmaları tövsiyə olunub.
Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və Qətərin Ukraynadakı səfirlikləri də öz vətəndaşlarına Ukraynanı tərk etməklə bağlı müraciət ediblər.
Avstraliyanın Xarici İşlər Nazirliyi Ukraynadakı səfirliyin fəaliyyətinin dayandırılması barədə göstəriş verib.
“Ukrayna sərhədlərində Rusiya qoşunlarının yerləşməsi nəticəsində təhlükəsizliklə əlaqədar vəziyyətin pisləşməsini nəzərə alaraq hökumət Avstraliya səfirliyinin əməkdaşlarının Kiyevi tərk etməsi və bu şəhərdəki səfirliyini işinin dayandırılması barədə qərar qəbul edib”, - deyə nazirliyin məlumatında bildirilir. Avstraliyanın müvəqqəti nümayəndəliyinin Lvov şəhərində fəaliyyət göstərəcəyi qeyd edilir.
Xarici İşlər Nazirliyi bir daha Avstraliya vətəndaşlarını Ukrayna ərazisini tərk etməyə çağırıb.
Ukrayna-Rusiya böhranında artan gərginliyi nəzərə alaraq Türkiyənin Xarici İşlər Nazirliyi vətəndaşlarının Ukraynaya səyahəti və təhlükəsizliyi ilə bağlı xəbərdarlıq yayımlayıb. Xəbərdarlıqda vətəndaşların ehtiyac olmadığı təqdirdə Ukraynanın şərq bölgəsində yerləşən sərhəd vilayətlərinə səfərdən çəkinmələri, məcburi səfərlərdən əvvəl isə Türkiyənin Kiyevdəki səfirliyi ilə əlaqə saxlamaları tövsiyə olunur.
Qeyd edək ki, bu müraciətlər Ağ evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın Rusiyanın hər an Ukraynaya hücum edəcəyi ilə bağlı bəyanatından sonra edilib. Rəsmi Moskva isə bu bəyanatı Qərbin növbəti təxribatı adlandırıb və belə bir niyyətinin olmadığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB